Mədəniyyət Nazirliyinin sifarişi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən lentə alınan “Dan yeli” filminin çəkilişləri yekunlaşıb.

Gənc rejissor Kamal Yaşarın filmi cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanların dramından bəhs edir.

Hekayənin əsas qəhrəmanı 6 yaşlı Qaqaşdır. Onun sevdiyi məşğuliyyəti futboldur. Digər uşaqlardan balaca olduğu üçün o, yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahim keçmiş zabitdir və müharibədə bir ayağını itirib.

Filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir və gözlənilməz finalla yekunlaşır.

Filmin ssenari müəllifi Türkan Zamanova, operatoru Əli Sultanov, rəssamı Arif Niftiyev, bəstəkarı Azər Hacıəsgərli, ikinci rejissoru Elman Şeydayev, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.

Əsas rolları Əməkdar artist Rasim Cəfər, Məhəmməd Şəmmədzadə və Kəbirə Həşimli canlandırıb.

Lalə AZƏRİ