“Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində sərgi və konsert
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə Özbəkistanın Sırdərya vilayətinin mərkəzi Gülüstan şəhərində “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin açılışı olub.
Nəvai adına mərkəzi parkda keçirilən tədbir çərçivəsində “Azərbaycan, sənsən mənim ülviyyətim” adlı sərgi təqdim olunub. Sərgidə milli mədəniyyətimiz, ölkəmizlə bağlı nəşrlər, xalçalar, suvenirlər, milli geyimlər nümayiş etdirilib.
Tədbirdə şəhər hakimiyyətinin rəhbərliyi, vilayət ictimaiyyətinin nümayəndələri, ziyalılar, təhsil və mədəniyyət işçiləri, yerli azərbaycanlılar, jurnalistlər iştirak ediblər.
Sırdərya vilayət hakiminin müavini Otabek Abduqaniyev Azərbaycan mədəniyyətinə həsr olunan belə tədbirlərin əhəmiyyətindən danışıb, vilayətdə digər millətlər kimi azərbaycanlıların da mehribanlıq şəraitində, bir ailə kimi yaşadığını, bölgənin inkişafına öz töhfələrini verdiklərini söyləyib.
AMM-in direktoru Samir Abbasov “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” haqqında məlumat verib. O, Şərqdə ilk demokratik cümhuriyyət quran, ilk operanın əsasını qoyan, dünya sivilizasiyasına təkrarsız mədəniyyət, ədəbiyyat inciləri bəxş edən, zəngin dəyərlərə malik Azərbaycan xalqının nailiyyətlərindən danışıb. Azərbaycan-Özbəkistan dostluğundan söz açan S.Abbasov ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində bu dostluğun daha da möhkəmləndiyini qeyd edib.
Sonra bədii hissə təqdim edilib. Azərbaycan milli geyimlərinin moda sərgisi nümayiş olunub. Sırdərya filarmoniyasının gənc qızları Azərbaycanın, habelə onun Qarabağ bölgəsinin xanım və bəy geyimlərini nümayiş etdiriblər.
“Türkün gəlişi” adlı konsert proqramında Azərbaycanın əməkdar artistləri Bəyimxanım Vəliyeva və Ehtiram Hüseynov çıxış ediblər. Onları Mədəniyyət mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı müşayiət edib. Tədbirin sonunda Sırdərya vilayət hakimiyyəti adından azərbaycanlı qonaqlar təltif edilib, onlara özbək milli geyimləri-çapan bağışlanıb.