Cari sənət mövsümündə 50 yaşını qeyd edən Sumqayıt Dövlət Dram Teatrı böyük şövqlə öz repertuarını yeni səhnə əsərləri ilə zənginləşdirir.
Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib ki, yaradıcı heyət Cəfər Cabbarlının 120 illik yubileyinə töhfə olaraq görkəmli dramaturqun “Solğun çiçəklər” əsərinin yeni səhnə versiyası üzərində məşqlərə başlayıb.
Cəfər Cabbarlının ailə-məişət mövzusunda qələmə aldığı pyesdə həyatı realistik boyalarla təsvir edərək ədalətsizliyin, var-dövlət hərisliyinin hansı fəlakətlərlə nəticələndiyini ustalıqla qələmə alıb. Tamaşaya dəvətli rejissor Elşən Zeynallı quruluş verir, quruluşçu rəssam Şahin Hüseynlidir. Rollarda əməkdar artistlər Cəlal Məmmədov, Xatirə Süleymanova, İzaməddin Bağırov və aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, Şəmistan Süleymanlı, Elay Xasıyev, Sevda Hüseynova, Məryəm Hüseynli və başqaları çıxış edəcəklər. Tamaşanın premyerası iyulun əvvəlinə nəzərdə tutulur.