Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən II Bakı Beynəlxalq İdman Filmləri Festivalı yekunlaşdı. Noyabrın 20-də Nizami Kino Mərkəzində festivalın bağlanış və qaliblərin mükafatlandırılma mərasimi keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev artıq ikinci dəfə paytaxtımızın ev sahibliyi etdiyi festivalın əhəmiyyətindən danışdı. Bildirdi ki, 2015-ci ildə ölkəmizdə keçiriləcək mötəbər idman yarışları - I Avropa Oyunları ərəfəsində təşkil olunan festival xüsusilə böyük önəm kəsb edir. Bu cür festivalların təşkil olunması ölkəmizdə idmanın və mədəniyyətin qarşılıqlı şəkildə inkişafına yardım edir.
Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək müstəqillik dövründə ölkəmizdə idman sahəsində xeyli uğurlar qazanıldığını vurğuladı. Qeyd etdi ki, festival idmanın müxtəlif növlərinə həsr olunan filmləri təbliğ etmək, ən yaxşı filmlərin müəlliflərini həvəsləndirmək məqsədilə reallaşdırılıb. İdman kinosu və televiziyası sahəsində ad qazanmış yerli və xarici mütəxəssislərin Bakı festivalında iştirakı onun əhəmiyyətini daha da artırır.
Sonra qaliblərin mükafatlandırma mərasimi oldu. Mükafatları mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, gənclər və idman naziri Azad Rəhimov, İdman, Kino və Televiziya Filmləri Beynəlxalq Federasiyasının (FİCTS) sədri Askani Franko, festivalın münsiflər heyətinin sədri Endre Florian və Olimpiya çempionu Namiq Abdullayev təqdim etdilər.
Qeyd edək ki, festival 5 kateqoriyada - “Bədii film”, “İdman və şəxsiyyət”, “İdman və dünya”, “TV filmləri və proqramları”, “Milli film” nominasiyaları üzrə keçirilib.
"İdman və şəxsiyyət" nominasiyasında I yerə "London səhnəsi" filmi ilə rejissor Qabor Peter Nemet (Macarıstan), II yerə "Səssiz idman" filmi ilə Tolqa Erkan (Türkiyə), III yerə isə "Tanımadığımız saley" filmi ilə Nataliya Jdanoviç, Sergey Rıbakov (Belarus) və "Qalonun günü" filmi ilə Kris Azzi, Luis Felipe Fernandes (Braziliya) layiq görüldülər.
“TV filmləri və proqramları” mominasiyasında qalib Aleksandr Zamıslov və Vladislav Kolesovun (Rusiya) "Ruhən güclülər. Buzüstü hokkey" filmi oldu. II yeri Arzu Qulamovun (Azərbaycan) "İlk qızıl. Nazim Hüseynov" filmi, III yeri Tom Alandhın (İsveç) "Həmişə analar günündə - elitloppet" filmi qazandı.

"Bədii film" nominasiyasında Kristof Offenşteynin (Fransa) "Tənha" filmi qalib oldu. Ayqars Qraubanın (Latviya) "Xəyalların komandası 1935" və Robert Dornhelmin (İtaliya) "K2 montagna degli italiani" filmi II-III yerləri bölüşdürdü.
“İdman və dünya” nominasiyasının birincisi Pedro Toronun (İspaniya) "Rəqs et" filmi oldu. II yerə Niko Yagerin (Almaniya) "Mağara ilə əlaqə", III yerə rejissor Annet Nakamayanın (Uqanda) "Oyun sevgisi" layiq görüldü.
“Milli film” nominasiyasında isə I yeri Vüqar İslamzadənin idman haqqında kommersiya çarxları və "Gimnastika və qolf" filmi qazandı. II yeri Zamin Məmmədovun "Çempion" filmi, III yerə Nəsimi Əliyevin "Anatoli Banişevski" filmi tutdu.
Münsiflər heyətinin xüsusi mükafatına "Macarların Barsa azarkeşliyi" filmi ilə rejissor Tibor Kosis (Macarıstan) layiq görüldü.

Qeyd edək ki, II Bakı Beynəlxalq İdman Filmləri Festivalına 33 ölkədən 115 film təqdim olunmuş, seçim komissiyası tərəfindən 23 ölkəni təmsil edən 48 ekran əsəri müsabiqəyə buraxılmışdı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar