və ya Bakı-Neapol qardaşlığı
İtaliyanın Respublika Günü münasibətilə bu ölkənin Bakıdakı səfirliyinin “Dağüstü park” restoranında təşkil etdiyi tədbirə uzanan yolun Şəhidlər xiyabanından keçməsini mənalandırmaq heç də çətin olmadı mənimçin. Müstəqil Azərbaycan Respublikası uğrunda şəhid olmuş igidlərimizin səf-səf sıralanmış baş daşları üzərindəki şəkillərində İtaliyanın öz istiqlaliyyəti uğrunda canlarından keçmiş qəhrəmanlarıyla zahiri oxşarlığın mənası var idi...
İtaliyanın qədim əcdadları olan etruskların mənşəyi ilə bağlı görkəmli türkoloq Firudin Ağasıoğlu “Etrusk-Türk bağı” kitabında yazır: “İndi dilimizdə işlətdiyimiz bəzi sözlərin kökü məhz etrusklardan gəlib. Etrusklar özlərinə “Rasna” deyiblər ki, bu da “Araz” sözündən qaynaqlanır. Azərbaycandan Anadolu və Liviya vasitəsilə İtaliya ərazisinə köç edən və bizim etrusk türkləri kimi tanıdığımız türk toplumu şumerlər kimi dünya sivilizasiyasına böyük tövhələr verib. Heç də təsadüfi deyil ki, Renessans dövrü ilk Florensiyadan başlayaraq bir çox dünya şöhrətli alimlərin adını tarixə yazıb. Bu xalq birinci minilliyin əvvəli yaranıb və minilliyin sonu süquta uğrayaraq 1000 il yaşayıb”.
Mən etnoqraf alim olmadığımçün, amma dünyanın və xalqların yaranma tarixiylə bağlı bir sıra ədəbiyyatla tanış olduğumdan, alimimizin bu araşdırmasının həqiqətə uyğunluğunu hamı kimi bir faktla təsdiqləyə bilərəm. İtalyanlarla azərbaycanlılar xarici görünüşləriylə bir-birinə çox bənzəyir, əksərən bizim kimi qaraqaş, qaragöz, elə xasiyyətcə də bizim kimi temperamentlidirlər.
Onu da qeyd edim ki, şəhərsalma memarlığında da oxşarlıqları sadalaya bilərəm. Ötən əsrin əvvəllərində böyük rus yazıçısı M.Qorki Bakını İtaliyanın gözəl şəhərlərindən biri olan Neapola bənzətmişdi. Hazırda qardaşlaşmış şəhərlər kimi tanınan Bakı və Neapolun bu əlaqəsi dünyanın siyasi xəritəsində iki xalqın uğuru sayılmalıdır. Çünki ölkə-ölkə parçalanmış dünyanın insan qəlbinə qalib gələ bilməməsi faktıdır bu; dünyanın tərəqqipərvər insanları qəlb-qəlb birləşməyə can atırlar. Şəhərimizdəki Neapol dairəsi, Neapoldakı Bakı küçəsi, Dənizkənarı Milli Parkımızdakı Venesiya guşəsi – bütün bunlar doğmalaşmaq, qardaşlaşmaq istəyinin rəmzləridir.
Yuxarıda adını çəkdiyim əlamətdar gün təntənəsinə dəvət olunmuş “Qulli di Napoli” dueti mənə kömək etdi ki, sizə yeni bir etimologiya da təqdim edim. “Qulli” sözünün kökündə “Külli” kəlməsinin durduğunu görməmək çətin deyil. Bəli, duetin adı “Hamımız Neapoldanıq” mənasını verirdi.
Təbii ki, onların ifasını dinlərkən gözüm önündə filmlərdən yaddaşıma həkk olunmuş Neapol küçələrini canlandırmaya bilməzdim. Orta nəsil məşhur rejissor Vittorio De Sikanın “Neapol qızılı” filmini xatırlamamış olmaz. Gözəl və gənc Sofi Lorenin İçərişəhərimizin dar küçələrini xatırladan bir küncündə “pitsa-pitsa” deyə müştəri səsləməsi və onun başına yığışan müştərilərin bizim köhnə məhəllələrimizdəki camaata xas davranış tərzi... Bütün bunları öz ekran əsərinin atributuna çevirən Vittorio De Sika məhz elə bu səmimiyyətinə, sadə nəql üslubuna görə neorealizmin banilərindən biri kimi adını kino tarixinə yaza bildi.
Bəli, o filmini “Neapol qızılı” adlandırarkən hansısa bir ləl-cəvahirat xəzinəsindən deyil, məhz sadə insanlardan söhbət açmışdı. Öz xalqını dərin məhəbbətlə sevən bu sənətkar üçün sadə neapollu qızıl qədər dəyərliydi və öz filmində məhz onların xarakterlərini yeni kino diliylə, daha doğrusu, onların öz diliylə danışdırmaqla yeni kino dili yaratmağa nail olmuşdu.
1954-cü ildə çəkilən bu filmdəki qızılı isə Amerika məhz Sofi Lorenin gözəlliyində görüb, 1960-cı ildə yeni bir film “Bu, Neapolda baş vermişdir”i çəkdi. Amerikanın digər yaraşıqlı aktyoru Klark Qeybellə tərəf-müqabili olan Sofi Loren bu filmdə də Neapolun qızılı kimi parlayırdı.
Təbii ki, bu qızılı kino xəzinəsinə qatmaq İtaliyanın öz sənətkarının səlahiyyətlərinə aid idi. Beləliklə, 3 il sonra Vittorio De Sika özünün yeni “Dünən, bu gün və sabah” filmində Sofi Loreni yenidən Neapol küçələrinə çıxardı. Bu filmdə də Sofi yenidən küçə satıcısı idi, lakin pitsa deyil, siqaret satırdı.
Ümumiyyətlə, italyan neorealizminin ekranında ağır zəhmət hesabına ruzi qazanan sadə insanların üstünlük təşkil etməsi, insan psixologiyasının tədqiqi sahəsində zəngin materialdır desək, yanılmarıq. Bir də bunu bilməyə nə var ki. Məhz zəhmət prosesində insanın tək fiziki gücü deyil, həm də ruhu, iradəsi, dözümü və səbri üzə çıxırsa, bunu sadə zəhmətkeşin həyatı fonunda canlandırmaq dərs verə bilir.
Yenidən Neapola qayıdaraq bir faktı diqqətə çatdırmaq istərdim. Sofi Loren dəfələrlə öz müsahibələrində: “Mən italiyalı deyil, neapolluyam”, - deyə çoxmənalı bir fikir səsləndirib. Dünya kinosunda məhz İtaliya sənətkarı kimi şöhrətlənən korifey, görən, nəyə diqqət yönəltmək istəyir ki?
Yəqin ki, həyatda və sənətdə özünün qazandığı bütün uğurlarının əsasında gərgin əməyinin durduğunu vurğulamaq istəyidir bu. Özünün Neapol küçələrində pitsa satan, siqaret satan sadə, zəhmətkeş kino obrazlarına el qızı məhəbbətini vurğulamaq istəyidir...
Bu gün dünyanın ən zəngin sənətkarlarından biri olan, rəsmi qızıl sikkədə həkk olunan bir zəhmətkeş insan üçün bu səmimi və böyük etirafdır.
Sədaqət KAMAL