İyunun 10-da Heydər Əliyev Sarayında “Aşıq Pəri məclisi”nin sazlı-sözlü konserti keçirilib.

Gecədə çıxış edən Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı bu il “Aşıq Pəri məclisi”nin yaranmasının 35 ilinin tamam olduğunu bildirib. Diqqətə çatdırıb ki, “Aşıq Pəri məclisi” 1984-cü ildə Xalq şairi,  Aşıqlar Birliyinin sədri Hüseyn Arifin və aşıq Narınc Xatının təşəbbüsü ilə yaradılıb. İllər boyu bu məclisə unudulmaz sənətkarımız Narınc Xatın rəhbərlik edib. Aşıqlar Birliyinin sədrləri Hüseyn Arifin də, Zəlimxan Yaqubun da diqqəti daim bu məclisin üzərində olub. Məclisdə çox böyük istedadlar yetişib. Vurğulanıb ki, aşıq sənəti tariximizdə qadın aşıqlığın xüsusi yeri var. Bir çox dastanlarda kişilərlə bərabər meydanda olan qadın aşıqlar onlarla deyişirlər.

Qeyd edilib ki, aşıq sənətinin görkəmli simalarından biri əslən Cəbrayıl rayonunun Maralyan kəndindən olan Aşıq Pəridir. Borçalıdan, Göyçədən, Gəncəbasardan da istedadlı xanım aşıqlar meydana çıxıb. Onların arasında SSRİ Yazıçılar İttifaqının üzvü, Naxçıvandan yetişərək aşıq sənətini SSRİ miqyasında təqdim və təbliğ edən aşıq Nabat Cavadovanı xüsusi qeyd etmək lazımdır. Narınc Xatının rəhbərlik etdiyi “Aşıq Pəri məclisi” bu sənətin inkişafına mühüm töhfə verib.

Diqqətə çatdırılıb ki, “Aşıq Pəri məclisi” indiyədək onlarla istedadlı el şairi, saz ifaçısı yetişdirib. Onların arasında Prezident təqaüdçüsü, Əməkdar mədəniyyət işçisi Ulduz Quliyeva da var. Son illər bu sənətin inkişafında Narınc Xatından sonra Gülarə Azaflı mühüm xidmətlər göstərib, bir çox istedadlar yetişdirib. Aşıq Pəri Məclisində xalqın çox yaxşı tanıdığı Səadət Buta, Güllü Tomarova kimi istedadlı adamlar var. Onların arasında Pərvanə Zəngəzurlunun dəyərli işləri bu gün də göz qabağındadır. O, “Aşıq Pəri məclisi”nin nüfuzunu qaldırıb, Gürcüstandan Türkiyəyə qədər bu məclisi geniş təbliğ edib.

Vurğulanıb ki, bu sənət öz qanadlarını Göyçədən, Borçalıdan, Qazaxdan, Qarabağdan, Lənkərandan, Güney Azərbaycandan götürür. Oradan olan ifaçılar özlərini “Aşıq Pəri məclisi”nin üzvü hesab edirlər. Qadın səsi çox məlahətlidir. Xanımlar bütün hallarda öz gözəllikləri, davranışı ilə sazın mehri-məhəbbətini yaymaqda hamıdan üstündürlər. Azərbaycanda digər aşıq məclisləri olsa da, “Aşıq Pəri məclisi”nin özünəməxsus dəst-xətti, ənənəsi var.

Sonra tədbir konsert proqramı ilə davam edib.

Konsertdə “Aşıq Pəri məclisi”nin bədii rəhbəri Güllü Eldar Tomarlı, Səadət Buta, Südabə İrəvanlı, Təbrizə Pünhan və tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Kəmalə Məhyəddin qızı, Xavər Zəngilanlı, Əfsanə Kərimli, Xəyalə Qərib qızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları maraqla dinlənilib.