Ölkəmiz Xorvatiyada beynəlxalq festivala qatılıb
Xorvatiyanın Korçula şəhərində 4-cü “İpək Yolu – dialoqa aparan yol” Beynəlxalq Marko Polo Festivalı keçirilib. Azərbaycanın Xorvatiyadakı səfirliyi də tədbirdə iştirak edib. Festivala Türkiyə, Koreya Respublikası, Hindistan, İran, İndoneziya, Qazaxıstan və digər ölkələrin nümayəndələri qatılıb.
Azərbaycanın Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov “Sülh bağı” adlı yeni salınmış parkda qədim zamanlardan sülhün rəmzi sayılan zeytun ağacının əkilməsi mərasimində iştirak edib.
Festivalda ölkəmiz Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Buta” bədii filmi (rejissor İlqar Nəcəf) ilə təmsil olunub. Bununla yanaşı, tədbir çərçivəsində İmadəddin Nəsiminin “Sığmazam” qəzəli xorvat və ingilis dillərində tədbir iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, “İpək Yolu – dialoqa aparan yol” Beynəlxalq Marko Polo festivalı Xorvatiya Prezidenti, bu ölkənin Turizm və Mədəniyyət nazirliklərinin himayəsi altında təşkil olunur. Tədbirin əsas məqsədi müxtəlif xalqlar arasında dialoqun inkişafı və Böyük İpək Yolunun keçdiyi ölkələrdə formalaşmış unikal mədəniyyətlərin təbliğ edilməsidir.