Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi qeyd olundu
İyunun 7-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyinə həsr olunmuş poeziya gecəsi keçirildi.
Gecədə dövlət rəsmiləri, millət vəkilləri, ədəbiyyat və incəsənət xadimləri, poeziya sevərlər iştirak edirdi.
Yubiley mərasimini görkəmli şairin ruhuna elegiya da adlandırmaq olardı. Onun gecə boyu filarmoniyanın səhnəsindən boylanan şəkli sanki salondakılara öz həyatının unudulmaz anlarını, dillər əzbərinə çevrilən şeirlərini pıçıldayırdı...
Dostum,
mən öləndən sonra
basarsan bu maqnitofonun
səs qaytarmaq düyməsini,
bir dəfə də eşidərsən
artıq döyünməyən
qəlbimin səsini...
Həm də bu baxış şairin uzun illərin ayrılığından sonra doğma səhnəyə bir qayıdışı idi. Çünki Vaqif Səməd oğlu Vəkilov 1956-cı ildə musiqi məktəbinin buraxılış imtahanında ilk dəfə məhz burada, filarmoniyada səhnəyə çıxmışdı. O zaman onun 17 yaşı vardı. Maestro Niyazinin dirijorluğu ilə S.Raxmaninovun fortepiano və orkestr üçün 1-ci konsertini bu səhnədə ifa etmişdi. 63 il sonra Vaqif Səmədoğlunun bir daha bu məkana qayıdışı çoxlarını qəmli notlara kökləsə də, keçmişin şirin xatirələrini, anlarını da özündə ehtiva etmiş oldu.
Gecə boyu ekranda şairin uşaqlıq və gənclik illərini əks etdirən videomateriallar təqdim olunduqca tamaşaçılar zəngin, mənalı bir ömrü səhifələmiş olurdular.
Həmin gün onun söz işığına yığışanlar əmin idilər ki, Vaqif Səmədoğlu şeirinin başlıca leytmotivi insan ömrünün beşikdən məzara, olumdan ölümə qədərki yolun sonsuzluğudur. Filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusiflinin sözləri ilə desək, onun şeirlərində həyat eşqi, yaşamaq yanğısı o qədər qeyri-adidir ki, kifayət qədər kədərli və kifayət qədər ağrılı notlarla qarşılaşsan da bu hissiyyat səni pessimist olmağa qoymur. Ən kədərli şeirində belə şair səndə ölüm həyəcanı, dünyadan ayrılmaq duyğusu yaratmır. Vaqif Səmədoğlunun elə bir şeiri varmı ki, zamanında uğurla qarşılansın və üstündən illər keçəndən sonra müasirliyini itirmiş olsun, yəni “vaxtın şeiri” kimi ömrünü başa vursun? Yoxdur. Onun əksər şeirləri yazıldığı zamanı bitməyən şeirlərdir.
Müsahibələrinin birində belə bir fikir söyləmişdi Vaqif Səmədoğlu: “Ölümdən o tərəfə heç nə yoxdu. Amma qorxudan milyonlarla insan özünü öldürür. Qorxu ölümdən daha qəddardır. Yalqızlıq isə hər ikisindən qəddardır”. Sevənləri yalqızlığın qəddarlığından qorxan şairi həmin gecə tək buraxmadılar. Aktyorlar Kamran Yunus, Elnar Qarayev, diktor Samir Bağıroğlu və tanınmış müğənnilər şairin dillər əzbəri olan şeirlərini və sözlərinə bəstələnən mahnıları söylədikcə müəllifin divardan boylanan şəkli sanki “Vaqifin söz məclisinə, musiqi gecəsinə xoş gəlmisiniz” sətirlərini pıçıldayır və deyirdi: “Nə qədər ki, siz varsınız, Vaqif poeziyası var, Vaqif səmimiyyəti var, mən varam”.
Vaqif Səmədoğlu dünyasının öz melodiyası var idi. Həmin melodiyanı isə gecə boyu Azərbaycan Televiziya və Radiosunun Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı xüsusi təravət qatmaqla təqdim edirdi. Unudulmaz bəstəkar Emin Sabitoğlunun Vaqifin sözlərinə bəstələdiyi mahnılar, şairin xatirələr dəftərindən, onun dünya, Allah, sevgi ilə bağlı fikirlərindən ibarət qeydlər və düşüncələrin sonu yenə də bir fikrə gətirirdi: Vaqif poeziyası başdan-başa fəlsəfi ahəng üstündə köklənib.
Xalq artisti Mübariz Tağıyev, müğənnilər Aynur İsgəndərli, Nicat Müslümov, Samirə Əfəndi və başqalarının ifalarında ən sevilən mahnılar nostalgiya və xoş anlar bəxş edirdi.
Gecədə aktyorlar Vaqif Səmədoğlunun həyat və yaradıcılığından da söz açdılar. Qeyd edildi ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakıda böyük söz ustadının ailəsində dünyaya göz açıb. İlk laylası isə atasının “Azərbaycan” şeiri olub. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu artıq söz sərrafının Allah vergisi, bənzərsiz istedadı idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni ruhlu poeziya kimi xüsusi əhəmiyyət kəsb edir. Əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir.
“Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra şairin dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. “Yoldan teleqramlar”, “Günü baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada”, “Gürzəçöl yazıları” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb. “Bəxt üzüyü”, “İntizar”, “Uca dağ başında”, “Lotereya”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri” və “Mamoy kişinin yuxuları” pyesləri ideya-bədii xüsusiyyətləri ilə diqqətəlayiq nümunələrdir.
Şairin əsərləri xarici dillərə tərcümə edilib, müxtəlif ölkələrdə nəşr olunub. 1989-cu ildə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülən sənətkar 1998-ci ildə “Humay” mükafatının laureatı olub. 1999-cu ildə Xalq şairi fəxri adı ilə təltif edilib. 2000-2010-cu illərdə Milli Məclisin deputatı olub. 2015-ci il yanvarın 28-də vəfat edib.
LALƏ