Noyabrın 27-də Nizami Kino Mərkəzində SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi, Koreya Fondu və Koreya Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Koreya kinosu festivalı başlanıb.
Açılış mərasimində çıxış edən SEBA Assosiasiyasının sədri Ruhəngiz Heydərova Azərbaycan-Koreya əlaqələrinin əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Koreyaya rəsmi səfərindən sonra bu əlaqələr daha da genişlənib.
Qeyd olunub ki, 2004-cü ildən fəaliyyət göstərən SEBA Assosiasiyası mədəniyyət, elm, səhiyyə sahəsində layihələr reallaşdırıb. 2005-ci ildə assosiasiya Azərbaycan Mədəniyyəti Dostları Fondu ilə birgə ilk dəfə Koreya kinosu günlərini keçirib. SEBA Assosiasiyasının fəaliyyətinə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyini vurğulayan Ruhəngiz Heydərova dərin minnətdarlığını bildirib.
Diqqətə çatdırıb ki, festival Koreya Fondu və SEBA Assosiasiyası arasında oktyabr ayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən ilk tədbirdir. Festivalın Koreya baş nazirinin Azərbaycana rəsmi səfərinə təsadüf etməsi də çox əlamətdar haldır.
Koreya Respublikasının xarici işlər nazirinin birinci müavini Ço Taeyonq, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Koreyanın ölkəmizdəki səfiri Çoi Suk-İn festivalın iki ölkə arasında münasibətlərin genişlənməsinə növbəti bir addım olacağını bildiriblər. Qeyd olunub ki, festival Azərbaycan tamaşaçısına Koreya mədəniyyəti və insanları ilə daha yaxından tanış olmaq və onları daha yaxşı anlamaq üçün geniş imkanlar yaradacaq.
Sonra festivalın ilk filmi - rejissor Lee-Yonq-Junun “Memarlıq” adlı ekran əsəri nümayiş olunub. Noyabrın 30-dək davam edəcək festivalın proqramına 10 filmin nümayişi daxildir.