Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun – Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirilib.
Konserti şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkilləri Pərvin Kərimzadə, Naqif Həmzəyev, Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə rəhbərləri, şəhər ictimaiyyətinin nümayəndələri izləyiblər. Tədbirdə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən “Mədəniyyət həftəsi”nin təşkilatçısı – Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin əməkdaşları, şəhərə gələn xarici qonaqlar da iştirak ediblər.
Bayram konsertində xalq artistləri Şahnaz Haşımova, Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Gəncə Dövlət Filarmoniyasının solistləri Vasif Bayramov, Əli Məmmədov, Elmir Pişnamazzadə və digərləri çıxış ediblər. Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında şair-dramaturq Aydın Murovdağlının “Alın yazısı” poemasından parça təqdim olunub. Baletmeyster Sənan Cavadovun rəhbərliyi ilə nümayiş olunan “İgidlər” rəqsi tamaşaçılar tərəfindən xüsusi coşqu ilə qarşılanıb. Konsert proqramı müğənnilər Mehparə Cəfərova və Rövşən Məmmədovun ifasında “Xalq Heydər söyləyəcək” mahnısı ilə yekunlaşıb.