AMEA-nın Mərkəzi Elmi Kitabxanasında görkəmli ədəbiyyatşünas və tənqidçi, Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Məmməd Cəfər Cəfərovun 110 illiyinə həsr olunan respublika elmi konfransı keçirilib.
Tədbirdə çıxış edən Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, Məmməd Cəfər ədəbiyyatın tarixi və nəzəriyyəsi, ədəbi əlaqələr və eləcə də estetikanın aktual məsələlərinə dair sanballı və fundamental araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığını əhəmiyyətli dərəcədə zənginləşdirib.
Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ədəbiyyatşünas alimin səmərəli elmi fəaliyyətindən danışıb. AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli Azərbaycan elminə dəyərli töhfələr verən Məmməd Cəfər Cəfərovun alim, pedaqoq adını hər zaman uca tutduğunu deyib.
Konfransda filologiya üzrə elmlər doktoru, professor Şirindil Alışanlının, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavərinin, dosent Ağaverdi Xəlilovun və filologiya üzrə fəlsəfə doktoru Dilbər Zeynalovanın məruzələri dinlənilib.