“Vətənpərvər” – Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycanın dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin əlyazmalarını ortaya çıxarıb.
O, dahi şairin əlyazmalarını Qahirədə yerləşən “Misir Kitablar Evi”ndə (“Dər əl-Kutub əl-Misriyyə”) tədqiqat apararkən aşkarlayıb. Tədqiqatçı əlyazmaların Azərbaycan və fars dillərində olduğunu bildirib.
Azərbaycan dilində əlyazmanın üzərində Nəsimi külliyyatı yazılıb. Külliyyat şeir və nəsrdən ibarətdir. Şeirlərin çoxu rübai və məsnəvi üslubunda yazılıb. Arasında qəzəl də var. Nəsrlər isə əsasən öyüd-nəsihət və Peyğəmbərin əhli-beytindən bəhs edir.
Əlyazma 254 vərəqdən ibarətdir. Kiçik hərflərlə nəstəliq xətti ilə yazılıb. Hicri tarixi ilə 941-ci ildə (miladi 1535-ci il), Pir Əhməd İsgəndər oğlu tərəfindən nəqş olunub.
Fars dilində olan əlyazma (86 vərəq) isə nisbətən kiçik həcmdədir və şeirlərdən ibarətdir. Adı “Divan Nəsimi”dir. Şikəstə xəttinə bənzəyən nəstəliq xətti ilə yazılıb.
S.Nəsirov 20 ildən çoxdur ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır, iki kitabın, Misirlə Azərbaycan arasında tarixi və mədəni əlaqələrlə bağlı məqalənin müəllifidir.
“Misir Kitablar Evi” bu ölkənin ən məşhur kitabxanalarından biridir.