UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub
Prezident İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli sərəncamı əsasında Bakı Dövlət Universitetinin (BDU) 100 illiyi geniş miqyasda qeyd olunur. Əlamətdar tarix həmçinin UNESCO-nun 2018-2019-cu illər üzrə yubileylər proqramına daxil edilib.
İyunun 12-də Parisdə – UNESCO-nun baş qərargahında Azərbaycanın ilk ali təhsil ocağının yubileyinə həsr olunmuş mərasim keçirilib. Yubiley tədbirində təhsil naziri Ceyhun Bayramov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, azərbaycanlı icmasının təmsilçiləri iştirak edib.
UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri Anar Kərimov, təhsil naziri Ceyhun Bayramov, BDU-nun rektoru Elçin Babayev çıxış ediblər. Çıxışlarda diqqətə çatdırılıb ki, 1919-cu ildə yaradılan BDU Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətlərindən biri, Cənubi Qafqaz regionunda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəbdir. 1969-cu ildə universitetin 50 illiyində onun dünya şöhrətli məzunu ümummilli lider Heydər Əliyev bildirib ki, universitetin yaradılması vətənpərvər qüvvələrin qələbəsi idi, gənc azərbaycanlılara dünya mədəniyyətinin və elminin qapılarını açmaq, onların təhsil alması məqsədilə bu qüvvələrin bir neçə illik mübarizəsinin nəticəsidir. BDU-nun məzunları arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau, Yusuf Məmmədəliyev, Aida İmanquliyeva kimi məşhur alimlər olub. Çıxışlarda dayanıqlı inkişafda təhsilin əhəmiyyəti, ölkəmizin UNESCO vasitəsilə bəzi ölkələrdə təhsilin inkişafına verdiyi töhfələr, Azərbaycan-UNESCO əlaqələrinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi rolu vurğulanıb.
UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub, yubiley tədbirinin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Natiq BDU-nun afrikalı məzunlarının ölkələrində mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib.
Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub.
Mərasimdə konsert proqramı təqdim edilib. Konsertdə Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin laureatı Fuad İbrahimovun idarəsi ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edib. Orkestrin müşayiəti ilə gənc musiqiçilərimiz – beynəlxalq müsabiqələr laureatı, Əməkdar artist Elvin Xoca Qəniyev (skripka), Etibar Əsədli (piano), Vurğun Vəkilov (piano), Ağarəhim Quliyev (fleyta), Məhərrəm Hüseynov dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər.
Onların ifası alqışlarla qarşılanıb. Konsertin sonunda Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.