Krım-Kərkük-Qarabağ sənət və dostluq şöləni

Ankarada Azərbaycan Kültür Dərnəyi və Krım Dərnəyinin birgə təşkilatçılığı ilə “Qalanın dibində bir daş olaydım” adlı Krım-Kərkük-Qarabağ sənət və dostluq şöləni düzənləndi.

Türkiyə Milli Təhsil Nazirliyinin Şura salonunda baş tutan mərasimə Azərbaycan türkləri, Krım tatarları, türkmənlər daxil olmaqla çox sayda tamaşaçı qatılmışdı. Salonda Qarabağ, Kərkük və Krım şəhidlərinin fotolarından ibarət sərgi nümayiş olunurdu.

Tədbirdə Ankara Keçiören Bələdiyyəsinin sədri Turqut Altınok, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin müdiri Murat Salim Tokaç, Azərbaycan Mədəniyyət Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı, İraq Türkmən Cəbhəsinin Ankara təmsilçisi Mehmet Tütünçü, Krım Dərnəyinin sədri Mükremin Şahin və Azərbaycan Kültür Dərnəyinin təmsilçiləri iştirak edirdilər. Açılış mərasimində öncə Qarabağ, Kərkük və Krım şəhidləri anıldı. Sonra proqramın bədii hissəsi başlandı.

Abdullah Alper Qurbaninin dirijorluğu ilə Ankara Türk Dünyası Musiqi Topluluğu tərəfindən Azərbaycan, Krım və Kərkük musiqiləri ifa edildi. Sonra Azərbaycan Kültür Dərnəyi Musiqi Topluluğunun ifasında rəqslər təqdim olundu. Krım-Tatar Xalq Oyunları Topluluğu da milli rəqslərini nümayiş etdirdi. Azərbaycan Kültür Dərnəyi xalq ansamblının ifasında “Qazağı” rəqsi maraqla qarşılandı. Dərnək  tərəfindən yeni qurulan xor Azərbaycan mahnılarını səsləndirdi.Türkmən TRT sənətçisi Ahmet Tuzlunun ifasında Kərkük türküləri də alqışlar qazandı.

Gecəyə maraq qatan məqamlardan biri də Krım-Tatar azyaşlılarının Krım xalq rəqslərini ifa etmələri idi. Konsert Krım türküləri, “Ey gözəl Krım”, Şenol Talınlının “İrəvan xanlığının nevelesi” ifaları ilə davam etdi.

Krım-Kərkük-Qarabağ sənət və dostluq şöləni Krım türkcəsində “Yaşa mənim xalqım” mahnısının səslənməsi ilə başa çatdı. Tamaşaçı ilə dolu zaldakı ruh yüksəkliyi, ifalara münasibət göstərdi ki, rəngarəng milli geyimlərdə türk dünyası sənət nümunələrinin ifa olunduğu bu gecə hələ uzun zaman yaddaşlarda qalacaq.

Mehparə SULTANOVA
Ankara