Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Sozopol şəhərində keçirilən “Soleil” 9-cu Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil olunub.
Festival çərçivəsində “Qafqaz Albaniyasının irsi: Azərbaycanda multikulturalizm ənənələri” adlı fotosərgi açılıb, “Şəhər motivləri” bədii filmi nümayiş olunub və qonaqlara Azərbaycanın ənənəvi çay süfrəsi təqdim edilib. Festivalda reallaşan plenerdə azərbaycanlı rəssamlar Cəlal Ağayev və Elçin Hüseynli də iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova fotosərginin zəngin xristianlıq irsi nümunəsində Azərbaycanın çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrini təqdim etdiyini söyləyib. Səfir müasir Azərbaycan ərazisində e.ə. IV əsrdən eramızın VIII əsrinədək mövcud olmuş Qafqaz Albaniyası dövlətində I əsrdən etibarən xristianlığın yayılmağa başladığını, bu prosesin Şəki şəhəri yaxınlığında Kiş kəndində ilk məbədin əsasını qoyan apostol Yeliseyin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Azərbaycanda müxtəlif mədəniyyətlərin və sivilizasiyaların qovuşduğunu söyləyən diplomat ölkəmizdə bu gün islam, xristianlıq, iudaizm dinlərinin bir arada mövcud olduğunu vurğulayıb.
Daha sonra Azərbaycanda çay mərasimləri barədə məlumat verən səfir bunun dostluq və mehribanlıqla assosiasiya edildiyini qeyd edib. Samovarda hazırlanan çayın xüsusi dada malik olmasını qeyd edən diplomat azərbaycanlı arxeoloq Tufan Axundovun qazıntılar zamanı aşkar etdiyi gildən hazırlanmış qədim samovar haqqında da məlumat verib. Bildirib ki, Bolqarıstanın Qabrovo şəhəri ilə qardaşlaşmış Şəki şəhərində tapılan bu nümunənin 3 mindən çox yaşı var.
Gecədə çıxış edən şəhər meri K.Stoyanova və Bolqarıstanın mədəniyyət nazirinin müavini R.Dimitrov festivalın əhəmiyyətindən bəhs edərək, Azərbaycanın ötən il olduğu kimi, bu il də festivalda iştirakını yüksək qiymətləndiriblər.
Tədbirin rəsmi açılışında Bolqarıstanın məşhur müğənnisi Yordanka Xristovanın konserti də olub. Konsertdə müğənninin Azərbaycan və bolqar dillərində ifa etdiyi “Ey həyat, sən nə qəribəsən” mahnısı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.