Beynəlxalq Muğam Mərkəzində Bakı Avropa liseyinin təşəbbüsü və bir sıra paytaxt məktəblərinin iştirakı ilə 2-ci Dünya xalqlarının mədəniyyəti festivalı keçirilib. Tədbirdə təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, xarici işlər nazirinin müavini Araz Əzimov, festivalda təmsil olunan ölkələrin səfirliklərinin nümayəndələri, təhsil, mədəniyyət işçiləri iştirak ediblər.
Festival 2014-cü ildən etibarən Bakı Avropa liseyi tərəfindən yaradılan və ADA Universitetinin dəstəyi ilə həyata keçirilən “Sərhədsiz diplomatiya” (“World Wide Diplomacy”) Beynəlxalq uşaq diplomatiyası layihəsi çərçivəsində ikinci ildir ki, keçirilir.
Builki festivalda 17 ölkənin mədəniyyət və ənənələri, uşaqların özləri tərəfindən hazırlanmış və həmin ölkələrin maddi irsini əks etdirən artefaktların ekspozisiyası, rəsmləri, folklor nümunələri (kiçik pyeslər, xalq musiqi və rəqs nömrələri, xalq kostyumları) təqdim olunub. Festivalı qeyri-adi edən özünəməxsus xüsusiyyətlərindən biri müxtəlif ölkə xalqlarının dilində canlı olaraq səhnələşdirilmiş kiçik pyes nümunələrinin təqdim edilməsi olub.
Ölkəmizi təmsil edən festival iştirakçıları Bakının 4 məktəbinin (Bakı Avropa liseyi, Bülbül adına Orta ixtisas musiqi məktəbi, Bakı Xoreoqrafiya Akademiyasının orta məktəbi, Milli Konservatoriya tərkibində İncəsənət Gimnaziyası) 200 nəfərdən çox şagirdi (əsasən I-VI siniflər) olub.
“Sərhədsiz diplomatiya” layihəsinin əsas məqsədi yeni, açıq, humanist, pozitiv düşüncəli nəsil yetişdirməkdir. Beşillik fəaliyyəti zamanı dünyanın 14 ölkəsindən uşaqlar bu layihənin iştirakçısı olub, layihənin qarşısına qoyduğu məqsədlərə müvafiq olaraq müxtəlif tədbirlər keçirilib. 2017-ci ildə bu layihənin bazası əsasında Beynəlxalq Uşaq Diplomatiya Mərkəzi təşkil edilib və bu işə Bakının müxtəlif məktəbləri cəlb edilib.