İyunun 16-da Bakıda, Dənizkənarı bulvarda Beynəlxalq Yoqa Günü çərçivəsində “Yoqa və sağlamlıq festivalı” keçirilib. Tədbir Hindistanın Azərbaycandakı səfirliyinin tərəfdaşlığı, “YARAT” Müasir İncəsənət Məkanı və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Festival çərçivəsində tədbirlərdən biri Qobustan Milli Tarix-Bədii Qoruğunda təşkil edilib. Tədbir Hindistanın Bakıdakı səfirliyi, Qobustan Milli Tarix-Bədii Qoruğu və Klassik Yoqa Məktəbinin birgə təşkilatçılığı ilə reallaşıb.
Qoruğun direktoru Vüqar İsayev ölkəmizdə yoqa ilə bağlı tədbirlərin keçirilməsinin ənənəvi hal aldığını qeyd edib. Bildirib ki, əhalinin sağlamlığı, eləcə də mədəniyyətin, incəsənətin cəmiyyətin bütün üzvlərinin gündəlik həyat tərzinə çevrilməsi diqqət mərkəzində saxlanılır. Yoqa ilə məşğul olmaq həm sağlam həyat tərzidir və həm də bir xoşbəxtlik fəlsəfəsidir.
Qonaqlara Qobustan Milli Tarix-Bədii Qoruğu haqqında da məlumat verən V.İsayev bildirib ki, Qobustan qaya rəsmləri dünyada bu tipli abidələrdən ən zənginidir. Ərazidə Daş dövründən Son Orta əsrlərə qədər həyat və məişəti əks etdirən çoxsaylı maddi mədəniyyət nümunələri – 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib.
Qeyd edilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğundakı nadir qayaüstü rəsmlərin geniş təbliği məqsədilə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə qoruq muzeyi üçün yeni bina tikilib. Bildirilib ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib.
Hindistanın ölkəmizdəki səfiri Bavitlunq Vanlalvavna yoqanın insanın fiziki, əqli və ruhi sağlamlığını möhkəmləndirən fiziki tapşırıqların və nəfəs üsullarının vəhdətindən ibarət olduğunu qeyd edib. İki ölkə arasında mədəni sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini qeyd edən səfir gələcəkdə də belə layihələrin davamlı olacağını vurğulayıb.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qaldığını söyləyən diplomat ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla da maraqlanıb.
Sonra yoqa təliminə start verilib. Qeyd edək ki, beşinci dəfə təşkil olunan festivalın mövzusu “Sağlamlığın və təbiətin qorunması, birlik və bərabərlik”dir.