Litvanın Druskininkay şəhərindəki Gənclik Mərkəzində Xocalı soyqırımından bəhs edən “Sonsuz dəhliz” sənədli filminin nümayişi keçirilib və ekran əsərinin yaradıcı heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) mükafatı ilə təltif olunub.
Tədbirdə filmin qəhrəmanı, Xocalı faciəsinin nəticələrini gözləri ilə görmüş hərbi jurnalist Riçardas Lapaytis, ekran əsərinin baş prodüseri və rejissoru Aleksandr Brokas çıxış ediblər.
BAMF-nin Litvadakı nümayəndəsi Riçardas Lapaytis qonaqları salamlayaraq deyib ki, ekran əsəri müxtəlif ölkələrdə, beynəlxalq kinofestivallarda göstərilsə də, Litvanın cənubundakı bu şəhərdə ilk dəfə nümayiş olunur. Xocalı soyqırımının ötən əsrin ən böyük faciələrindən biri olduğunu diqqətə çatdıran jurnalist bildirib: “Şəhərin hələ də işğal altında olmasına baxmayaraq, indiyədək Xocalı əhalisinin qatillərindən heç biri cəzalandırılmayıb və onlar yalnız öz vicdanları qarşısında məsuliyyət daşıyırlar”.
Rejissor Aleksandr Brokas film haqqında danışıb, filmin ingilis dilində məşhur britaniyalı aktyor, “Oskar” mükafatçısı Ceremi Ayrons tərəfindən səsləndirildiyini diqqətə çatdırıb.
Sonra “Sonsuz dəhliz” filmi nümayiş olunub.
BAMF-nin prezidenti Umud Mirzəyev çıxış edərək Xocalı hadisələrinin şahidi kimi yaşanmışları ekranda yenidən görməyin çox çətin olduğunu bildirib. O, tədbirin təşkilinə dəstək göstərənlərə təşəkkür edərək filmin nümayişinin tarixi həqiqətlərin yayılmasında əhəmiyyətli rol oynadığını deyib.
Sonda göstərdikləri cəsarətə, Qarabağ münaqişəsi və sülhyaratma prosesi haqqında obyektiv məlumatların yayılmasına verdikləri töhfəyə görə Aleksandr Brokasa və Riçardas Lapaytisə BAMF-nin “Ali Qarabağ Mükafatı” təqdim olunub.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində ərsəyə gələn “Sonsuz dəhliz” filmi ilk dəfə 2015-ci il iyulun 1-də Britaniya Film və Televiziya İncəsənət Akademiyasında (BAFTA) nümayiş olunub. Ekran əsəri “Global Film Awards 2015” müsabiqəsində mükafata layiq görülüb. Filmin İstanbul, Ankara, Roma, Vilnüs, London, Paris, Dublin, Berlin, Bern və Lüksemburq şəhərlərində təqdimatı keçirilib.