18 iyun Azərbaycanda “İnsan Hüquqları Günü” kimi qeyd olunur. 1998-ci il iyunun 18-də “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla bu tarix “İnsan hüquqları günü” kimi təsis olunub.
Ölkəmiz insan hüquqları sahəsində əsas beynəlxalq sənədlərə qoşulmaqla yanaşı, onlardan irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Bu təşkilatların sırasında BMT-nin insan hüquqlarının təşviqi və müdafiəsi sahəsində fəaliyyət göstərən müxtəlif qurumları, ATƏT, Avropa Şurası mühüm yer tutur.
Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var və bu, şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini, vəzifələrini əhatə edir, vətəndaşın hüquqları şəxsin müəyyən dövlətə məxsusluğu ilə bağlıdır və onlar dövlət tərəfindən müdafiə olunur.
İyunun 18-də Milli Kitabxanada “İnsan hüquqları” adlı kitab sərgisi açılıb. Sərgidə insan hüquq və azadlıqlarının bütün sahələrindən bəhs edən müxtəlif dillərdə nəşr olunmuş kitablar və dövri mətbuat materialları nümayiş olunur.