Xalq artisti Amaliya Pənahova yad edildi

İyunun 14-də Dövlət Film Fondunda Azərbaycan teatr və kino sənətinin tanınmış nümayəndəsi, Xalq artisti, Dövlət mükafatı laureatı Amaliya Pənahovanın (1945-2018) anadan olmasının 74-cü ildönümünə həsr edilmiş xatirə gecəsi keçirildi. Tədbirdə görkəmli aktrisanın yaxınları, sənət dostları, mədəniyyət xadimləri, digər qonaqlar iştirak edirdi.

Əvvəlcə Xalq artistinin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.

Xatirə gecəsini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq sənətkarın milli kino və teatr sənətimizin inkişafında xidmətlərindən danışdı: “Mən bugünkü xatirə gecəsini belə adlandırardım: zaman, sənət və əbədiyyət. Çünki Amaliya xanım zamanın çətin və mürəkkəb yollarından şərəflə çıxıb. O, doğrudan da, sənət fədaisi və vurğunu idi. Bu gün aramızda olmasa da, milyonlarla tamaşaçının qəlbində yaşayır və gələcəkdə də yaşayacaq”.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək bildirdi ki, Amaliya xanım ölməz dramaturq İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşası ilə Azərbaycan teatrında bir ulduz kimi parladı. Aktrisanın kino, həm də teatr səhnəsində canlandırdığı obrazlar onun böyük istedadından xəbər verirdi. O, Azərbaycan, türk, həm də dünya klassiklərinin əsərlərini səhnədə oynamışdı. Bu obraz rəngarəngliyinin arxasında böyük bir zəhmət dururdu. Bütün bunlar ilk növbədə onun öz sənətinə sevgisindən irəli gəlirdi.

Milli Məclisin deputatı, akademik Rafael Hüseynov unudulmaz aktrisanın Azərbaycan səhnəsində, ekranında, mədəni gerçəkliyində dərin iz qoyduğunu vurğuladı: “Elə incilər yaradıb ki, ondan yaxşısını yaratmaq bir də çətin olacaq. Görkəmli sənətkarın böyüklüyü zaman ötdükcə daha dərindən dərk ediləcək. Adətən böyük sənətkarlardan danışarkən deyirlər ki, onların yeri həmişə görünür və görünəcək. Amaliya xanım haqqında danışarkən yeri görünəcək ifadəsi dəqiq səslənmir. Amaliya xanımın sadəcə yeri yox, özü həmişə görünəcək”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral da tədbirdə iştirak edirdi. O, Amaliya Pənahovanın yaratdığı obrazların özünəməxsusluğundan danışdı. Qeyd etdi ki, görkəmli aktrisanın sənəti onu sevənlərin qəlbində həmişə yaşayacaq.

Xalq artisti Rafiq Əzimov vaxtilə bir teatrda çalışdığı sənət yoldaşı haqqında xatirələrini bölüşdü, onun xatirəsinin əbədiləşdirilməsi ilə bağlı fikirlərini bildirdi.

Tədbirdə daha sonra Xalq artisti Firəngiz Mütəllimova, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru, Əməkdar incəsənət xadimi Müşfiq Hətəmov, Əməkdar artist Elxan Qasımov və başqaları Amaliya Pənahovanın Azərbaycan teatr və kino sənətində bənzərsiz sənət dünyasından, yaratdığı maraqlı obrazlar qalereyasından söhbət açdılar. Diqqətə çatdırıldı ki, görkəmli sənətkarın adı Azərbaycan teatrının böyük bir dövrü ilə bağlıdır. On doqquz yaşında teatra gələn gənc qız ömrünün sonrakı 50 ilini Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliğinə və inkişafına həsr edib. O, 1964-cü ildən teatrda, kinoda, televiziya tamaşalarında 300-dən çox müxtəlif səpkili, rəngarəng, parlaq obrazlar yaradıb. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya kimi rolları Azərbaycan teatr tarixinə qızıl hərflərlə yazılıb.

O da qeyd edildi ki, istedadlı aktrisa həm də bacarıqlı rejissor kimi özünü göstərib. 10-dan çox teatr və televiziya tamaşasına quruluş verib. Bu tamaşaların çoxu lentə alınıb, hazırda televiziyanın “qızıl fondu”nda saxlanılır. Xalq artisti 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və bu teatra orta və yaşlı nəsillə yanaşı, gənc istedadlı aktyorları da cəlb edib, onların yaradıcılıq qabiliyyətinin inkişafı üçün səylərini əsirgəməyib. Amaliya Pənahova milli teatr və kino sənətinin inkişafında böyük xidmətlərinə görə yüksək fəxri adlara, dövlət təltiflərinə layiq görülüb.

Sonda Amaliya Pənahovanın oğlu İlqar Muxtarov çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

Savalan FƏRƏCOV