İyunun 28-dən iyulun 5-dək Rusiya Federasiyasının Dağıstan Respublikasında “Dağlılar” IX Beynəlxalq Folklor və Ənənəvi Mədəniyyət Festivalı keçiriləcək. 2004-cü ildə əsası qoyulan festival 2012-ci ildən UNESCO-nun beynəlxalq folklor layihələri təqviminə daxil edilib.

Builki festivalda Azərbaycan, Çexiya, Slovakiya, Serbiya, İran, Hindistan və Qazaxıstandan yaradıcı kollektivlər və Dağıstan Respublikasının 50-dən çox folklor kollektivinin iştirakı gözlənilir.

“Dağlılar” festivalının proqramında iştirakçı ölkələrin xüsusi mədəniyyət tədbirləri, o cümlədən “Oxu, aşıq!” aşıq mahnısı festivalı, “Sevinc” Azərbaycan mədəniyyəti bayramı, “Ənənələr teatrı” xalq özfəaliyyət teatrları festivalı, “Xəzər – dostluq sahilləri” Xəzər donanması festivalı, Dağıstanın şəhər və rayonlarında səyyar konsertlər və bayram şənlikləri nəzərdə tutulub.