İstiqlal Muzeyinin yubileyinə həsr olunan elmi konfrans

İyunun 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində İstiqlal Muzeyinin 100 illiyinə həsr olunan “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III Respublika elmi konfransı keçirildi.

Tədbiri açan Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı İstiqlal Muzeyinin tarixi, fəaliyyəti haqqında ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyət tariximizə bəxş etdiyi töhfələrdən biri də İstiqlal Muzeyinin yaradılmasıdır. Ölkəmizdə ilk rəsmi dövlət muzeyi olan İstiqlal Muzeyi 1919-cu il dekabrın 7-də Xalq Cümhuriyyəti Parlamentinin yaradılmasının ildönümü münasibətilə fəaliyyətə başlayıb.

Qeyd olundu ki, Cümhuriyyət Parlamenti binasında (indiki AMEA-nın Əlyazmalar İnstitutu) fəaliyyət göstərən muzeyə təhvil verilən ilk eksponatların siyahısında Quran əlyazmaları, bəzək əşyaları, ayrı-ayrı dövrlərə aid silahlar, sikkələr, xalq tətbiqi sənəti və qədim məişət nümunələri olub. Təhvil-təslim aktı formasında “Həmişəlik Azərbaycan Parlamanı ixtiyarında olaraq hələlik parlaman imarətində təsis edilən “Müze İstiqlal” adına müəssislər tərəfindən toplanmış olan şeylərin Birinci Parlaman Divani-Rəyasətinə təhvil verilməsi haqqında Şərait” adlı sənəd tərtib edilir. Sənədi muzeyin yaradıcıları – sənətşünaslar Hüseyn Mirzəcamalov, Məhəmməd Ağayev və Azərbaycan Parlamenti sədrinin müavinləri Həsən bəy Ağayev, Sultanməcid Qənizadə imzalayır. Sənəd 1919-cu il noyabrın 6-da, muzeyin açılışı ərəfəsində tərtib olunur.

Vurğulandı ki, beş aya yaxın fəaliyyət göstərən İstiqlal Muzeyi müstəqil Azərbaycan dövlətinin yaratdığı mədəniyyət müəssisəsi kimi tarixdə qalıb. Xalq Cümhuriyyətinin süqutu və Azərbaycanın sovetləşməsindən sonra muzey fəaliyyətini dayandırsa da, bir mədəniyyət müəssisəsi kimi yeni və gələcəkdə yaradılacaq muzeylərin təşkilində təməl rolunu oynayıb. İstiqlal Muzeyinin eksponatları yeni təşkil edilmiş Azərbaycan Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) verilib. Sonradan eksponatların bir hissəsi Moskva İnqilab Muzeyinə aparılıb.

Konfransda daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq kafedrasının dosenti, muzeyşünas Elfira Məlikovanın “Müasir muzey fəaliyyətində yeniliklər”, Bakı Dövlət Universitetinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Aydın Məmmədovun “Gənc nəslin tarixi yaddaşının formalaşmasında muzeylərin rolu”, Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nərgiz Əliyevanın “Milli Azərbaycan Tarixi Muzeyinin XX əsrin 50-ci illər ekspozisiyası quruculuğu” və digər mütəxəssislərin müxtəlif mövzularda məruzələri dinlənildi.

Onu da qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi respublikamızın müstəqilliyini bərpa etməsi ilə bərabər 1991-ci ildə yenidən təşkil edilib. Hazırda Muzey Mərkəzində fəaliyyət göstərir.

Savalan FƏRƏCOV