İyunun 17-də görkəmli bəstəkar, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Arif Məlikovun (1933-2019) vəfatının 40-cı günü münasibətilə sənətkarın 1-ci Fəxri xiyabanda məzarı ziyarət olundu.

Mərasimdə Arif Məlikovun uzun illər çalışdığı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) əməkdaşları, sənətkarın ailə üzvləri, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.

Anım mərasimində çıxış edən Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli bəstəkarın sənət yolundan danışdı: “Arif Məlikov böyük bəstəkar idi. Onun hər bir əsəri şedevrdir. Xalq musiqisi əsasında böyük simfoniyalar yaratmışdı. Mən əminəm ki, onun ənənələrini gələcəkdə tələbələri layiqincə davam etdirəcək. Xoşbəxtəm ki, onunla birlikdə çalışmışam. Bəstəkarlar dünyasını dəyişsə də, onların musiqisi əbədi yaşayır”.

BMA-nın prorektoru, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə Arif Məlikovun ictimai fəaliyyəti haqqında söz açdı. Qeyd etdi ki, görkəmli bəstəkar bir deputat, ictimai xadim kimi Azərbaycan xalqının haqq səsinin dəstəklənməsinə böyük töhfələr verib.

Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyev böyük sənətkarın tələbələrindən olması ilə fəxr etdiyini dedi. Bildirdi ki, Arif Məlikov tələbələrinə həmişə qayğıkeş münasibət bəsləyib: “Bəstəkarın musiqisini dinləyərkən, mümkün deyil ki, onun sehrinə düşməyəsən. Bütün əsərləri mükəmməldir. Çünki bu əsərlərin daxilində Arif müəllimin qanı və canı ilə yoğrulmuş böyük bir şəxsiyyətin dühası var”.

Xatırladaq ki, Arif Məlikov 1933-cü il sentyabrın 13-də Bakı şəhərində anadan olub. 1953-1958-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında (indiki BMA) bəstəkarlıq ixtisası üzrə təhsil alıb. 1960-cı illərdən bu tədris ocağında müəllim, 1979–1986-cı illərdə professor və 1986-cı ildən ömrünün sonunadək bəstəkarlıq kafedrasının müdiri vəzifələrində çalışıb.

Arif Məlikovun musiqi mədəniyyətimizin çoxəsrlik tarixə malik bünövrəsi zəminində və müasir kompozisiya texnikasını mükəmməl mənimsəyib yüksək professionallıqla yaratdığı simfoniya, balet, operetta, kantata, vokal, kamera və instrumental əsərlər misilsiz sənət nümunələri olaraq Azərbaycan musiqi xəzinəsinin qiymətli inciləri sırasında özünə daimi yer tutub. Bəstəkarın “Məhəbbət əfsanəsi” baletinin isə dünyanın tanınmış teatr səhnələrində yarım əsrdən artıq bir dövrdə tamaşaya qoyulması musiqi mədəniyyətimizin möhtəşəm nailiyyətlərindəndir.

Ölkəmizdə musiqiçi kadrların yetişdirilməsinə mühüm töhfələr verən görkəmli bəstəkar 2019-cu il may ayının 9-da vəfat edib.

NURƏDDİN