Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan F.Əmirov adına 6 nömrəli İncəsənət məktəbinin uğurları sırasına yeniləri əlavə olunub.
Məktəbin fleyta ixtisası üzrə şagirdləri Nigar Bağırlı (X sinif) və Emil Hacıyev (IX sinif) Lixtenşteyndə keçirilən beynəlxalq müsabiqədə I və III yerə layiq görülərək iyulun 11-15-də Monakoda keçiriləcək qala-konsertdə iştirak etmək üçün xüsusi dəvət alıblar. Şagirdlərin müəllimi Arzu Əzizova və konsertmeyster Aidə Əliyeva da diplomla mükafatlandırılıb.
2018-2019-cu tədris ilində məktəbin rəssamlıq şöbəsinin IV sinif şagirdi Səma Həsənli (müəllim Aydan Niftiyeva) “Testene Art” beynəlxalq müsabiqəsində II yeri tutub. Rəssamlıq şöbəsinin I sinif şagirdi Fərid Əzizli (müəllim Elmar Ağamirzə) isə F.Köçərli adına Respublika Kitabxanasında keçirilən “Mədəni irsimizi yaşadaq. Əsrlərin yadigarı Dədə Qorqud” rəsm müsabiqəsində III yerə layiq görülüb.