Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsi, bilikli və bacarıqlı ixtisaslı kadrların şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsi, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsi məqsədilə təhsil müəssisələrinə pedaqoji kadrların işə qəbulu 2015/2016-cı tədris ilindən etibarən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə aparılır.
Bununla əlaqədar olaraq nazirliyin müvafiq əmri ilə müsabiqə komissiyası yaradılıb. Komissiya nazirlik sistemində fəaliyyət göstərən uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə 2019/2020-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə VI müsabiqəni elan edir.
Elektron ərizələrin qəbulu cari il iyunun 20-dən iyulun 1-dək aparılacaq. Müsabiqənin ikinci mərhələsinə (müsahibə mərhələsi) 5 iyul 2019-cu il tarixində start veriləcək.
Pedaqoji işçilərin müsabiqə yolu ilə işə qəbulu barədə müvafiq məlumatlar nazirliyin rəsmi internet saytının “Elanlar” bölməsində yerləşdirilib.