Dekabrın 19-da Nizami Kino Mərkəzində 2014-cü ildə kinematoqrafiya sahəsində görülən işlərə həsr edilmiş mətbuat konfransı keçirildi.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Kinematoqrafiya şöbəsinin sektor müdiri Yusif Şeyxov, “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov, “Salnamə” sənədli filmlər studiyasının direktoru Nazim Hüseynov, “Yaddaş” studiyasının direktoru Cavid İmamverdiyev, “Azanfilm” studiyasının direktoru Fariz Əhmədov iştirak edirdi.
Sektor müdiri Yusif Şeyxov il ərzində nazirlik tərəfindən görülən işlər barədə məlumat verdi. Bildirdi ki, dövlət sifarişi ilə çəkilən filmlər bu il uğurla tamamlanaraq tamaşaçılara təqdim edilib. Nizami Kino Mərkəzi yeni filmlərin geniş tamaşaçı auditoriyasına çatdırılmasında yaxından iştirak edib. Gənc rejissorlarla işbirliyi də öz bəhrəsini verməkdədir: “İl ərzində həyata keçirilən “Motivlər” kinoalmanaxı bütünlükdə gənc rejissorlara həvalə edildi. Bundan əlavə, bir sıra sənədli və qısametrajlı filmlər də məhz gənc mütəxəssislər tərəfindən ekranlaşdırıldı”.
“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov 2014-cü ili kino sahəsi üçün uğurlu hesab etdi. Bildirdi ki, kinostudiya 50-dən çox beynəlxalq film festivalında iştirak edib, müxtəlif nominasiyalar üzrə mükafatlar qazanıb: “İlk dəfə olaraq Qarabağ mövzusundan bəhs edən “Nabat” filmi beynəlxalq festivalda iştirak edib. Ekran əsəri bir neçə mükafat qazanıb və bu, Azərbaycan kinosunun uğurudur”.
Bu il “Qisas almadan ölmə. Keçmişdən məktublar”, “Axırıncı dayanacaq” filmlərinin də premyerası keçirilib. Qısametrajlı filmlər silsiləsindən “Sonuncu”, “İnikas”, “Çempion” və digər sənədli filmlər istehsal olunub. “Qırmızı bağ”, “Əsgərin şücaəti”, “Dəyərli adlar”, “Motivlər” kinoalmanaxı tamamlanmaq üzrədir, “İçərişəhər”, “Xeyir ilə Şərin rəqsi” bədii filmlərinin çəkilişləri davam edir. Müşfiq Hətəmov “Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması ilə bağlı konseptual layihə üzərində işlərin yekunlaşdığını da diqqətə çatdırdı.
Tədbirdə digər kinostudiyaların rəhbərləri də il ərzində görülən işlər haqqında məlumat verdilər. Bildirildi ki, “Azanfilm” studiyası bu il 3 animasiya filmini (“Gəlin, birlikdə öyrənək”, “Köhnə saat”, “Ən güclü kimdir?”) təhvil verib. Studiyada dörd sənədli ekran əsəri də istehsal olunub.
“Yaddaş” studiyasında isə milli qəhrəmanlarımıza həsr olunmuş 15 sənədli film istehsal edilib.
Sona çatan il “Salnamə” studiyası üçün də uğurlu olub. Burada dövlət sifarişi ilə “Cırtdan və sehrli xalat” animasiya filmi, “Naxçıvan.az”, “Naftalan. Neft fenomeni” - ümumilikdə on ekran əsəri hazırlanıb. Rauf Məmmədovun “Salnamə” studiyasında istehsal olunan “Qalib” sənədli filmi Rusiyanın Samara şəhərində beynəlxalq idman kino və televiziya filmləri festivalında I yerə, II Bakı İdman Filmləri Festivalında isə “Qran pri” mükafatına layiq görülüb.

Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar