Keçmişdə xeyir əməl sərgiləyib adının paklığını qoruyan, nəfsinə qalib gələn, düzgün yol göstərən şəxsdən söz düşəndə deyərdilər ki, peyğəmbər kimi adamdır.

Cəsarətinə heyran kəsilən, həqiqəti söyləməkdən çəkinməyən insandan da söz düşəndə elə indi də deyirlər ki, elə bil şir ürəyi yeyib! Onun adı da bu sözlə başlayırdı.

Vətən tarixini öyrənməkdən usanmayan, Vətən övladlarını öyrətməkdən bezməyən, uzun ömrünü şərəflə yaşamağı bacarmış, adı özünə yaraşan Müəllim Şirməmməd Hüseynov haqqın dərgahındadır.

Böyüklərimiz bu fani dünyanı bir-bir tərk etdikcə bizi keçmişlə birləşdirən bağlar da bir-bir qırılır. Azərbaycan jurnalistikasının vicdanı, mətbuat tariximizi nöqtəbənöqtə araşdırmış, Cümhuriyyət sevdalısı Şirməmməd müəllim 95 illik şərəfli ömrünün 60 ildən çoxunu Bakı Dövlət Universitetində dərs dedi, Jurnalistika fakültəsində müxtəlif vəzifələrdə çalışdı. Ən böyük vəzifəsini isə könüllü, qarşılıq gözləmədən missiya olaraq öz boynuna çəkdi: özünü haqlı olaraq Cümhuriyyət dövrü yazarlarının, Azərbaycan mətbuatının təməlçilərinin mənəvi varisi saydı, onların xatirəsini yaşatmaq, əməllərini davam etdirmək və nümunələrini yaymaq uğrunda ömrünün sonunadək axtardı, üzə çıxardı, yazdı. Müəllimimiz örnək cəsarəti, dəyişməz əqidəsi, yorulmaz araşdırmaçılığı ilə tələbələrinin, oxucularının, tamaşaçılarının qəlbində əbədi taxt qurdu. Sovet dövründə təsdiqlənmiş dərs proqramından bir neçə kəlmə deyib tələbələrinə illərlə açılmamış arxivlərdəki gerçək tarixdən danışdı. Bizləri sovet jurnalistikasının tələblərindən, birinci kursdan beşinci kursadək dilimizin çürüyü çıxanadək məcburən oxuduğumuz “Partiya ədəbiyyatı və partiya mətbuatı” məqaləsindəki göstərişlərin icraçısından bir baş üstün yetişdirməyə çalışdı. Fakültənin sovet dövrü tələbələri demokratik mətbuat anlayışlarını Şirməmməd müəllimdən öyrəndi.

…İyunun 25-də 95 yaşında da yazıb-yaratmaq, araşdırmaq həvəsi tükənməmiş böyük İnsanı torpağa tapşırdıq. Şirməmməd müəllim bizim itkimiz yox, mənəvi qazancımız, çatmalı olduğumuz ucalıq meyarımızdır.

Kimlərinsə adından danışmaq, söz demək haqqını çox nadir hallarda öhdəmə götürərəm. Çəkinərəm ki, birdən kimsə mən deyənlə razılaşmaz…

Amma bu gün o gün deyil. Ötən əsrin əllinci illərindən bəri, neçə nəsil Bakı Dövlət Universitetindən jurnalist diplomu ilə çıxan məzunların adından, redaksiyamızda çalışan yetirmələrinin, onun çıxış və məqalələrindən öyrənən “qiyabi” tələbələrinin adından qəzetimizin səhifəsində vida sözü olaraq deyirəm: Nur içində yat, adı əməllərinə yaraşan İNSAN, BÖYÜK MÜƏLLİM!

GÜLCAHAN