Azərbaycan jurnalistikasına ağır itki üz verib. Görkəmli alim, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar jurnalist, Bakı Dövlət Universiteti Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru Şirməmməd Hüseynov 2019-cu il iyunun 24-də ömrünün 95-ci ilində vəfat edib.
Şirməmməd Ağaməmməd oğlu Hüseynov 1924-cü il dekabrın 17-də Şəki şəhərində anadan olub. 1945-1950-ci illərdə indiki Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində ali təhsil alıb. Daha sonra M.Lomonosov adına Moskva Dövlət Universiteti Jurnalistika fakültəsinin aspiranturasına daxil olub, 1954-cü ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
1954-cü ildən indiki Bakı Dövlət Universiteti Filologiya fakültəsinin Jurnalistika kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayan Şirməmməd Hüseynov həyatını universitetə bağlayaraq ömrünün sonunadək burada baş müəllim, dosent, 1962-1969-cu illərdə Filologiya fakültəsinin dekan müavini, 1970-1976-cı illərdə Jurnalistika fakültəsinin dekanı, 1976-1988-ci illərdə Mətbuat tarixi və ideoloji iş metodları kafedrasının müdiri olub, 1988-ci ildən ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışıb.
Şirməmməd Hüseynovun vəfatı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri adından rəsmi nekroloq yayımlanıb.
Nekroloqda bildirilir ki, elmi fəaliyyətini, əsasən, Azərbaycan jurnalistikası tarixinin öyrənilməsinə həsr edən Şirməmməd Hüseynov mətbuatşünaslığa dair 30-dan çox kitab və monoqrafiyanın, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Görkəmli alim və pedaqoq Azərbaycan klassik jurnalistikasının görkəmli simaları Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu, Cəlil Məmmədquluzadə irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında təqdirəlayiq xidmətlər göstərib. Alimin Azərbaycan Xalq Cümhuriyyəti qurucularının fəaliyyətinə dair araşdırmalarının Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyəti var.
Şirməmməd Hüseynovun Azərbaycan jurnalistikasının inkişafında uzunmüddətli səmərəli fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra mükafatlara layiq görülüb, “Şərəf” ordeni ilə təltif olunub.
İyunun 25-də Bakı Dövlət Universitetində görkəmli jurnalist, alim və pedaqoqla vida mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Şirməmməd Hüseynov yüzlərlə jurnalistin ustadı olub. O, azərbaycançılıq ideologiyasının carçılarından idi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva vida mərasiminə gələnlərə təşəkkür edib. “Atam çox şərəfli və ləyaqətli ömür yaşayıb. Bu ömür yolunda qoyduğu miras onun təmiz adı, ləyaqəti idi”, – deyə o bildirib.
Vida mərasimindən sonra Şirməmməd Hüseynovun cənazəsi son mənzilə yola salınıb. Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.
Allah rəhmət eləsin.