Tbilisidə Azərbaycanın görkəmli opera müğənnisi, peşəkar vokal sənətinin banisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirəsi anılıb.
Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkil etdiyi anım tədbirinin iştirakçıları əvvəlcə Bülbülün Tbilisinin mərkəzi Qorqosali küçəsində, Kür çayının sahilindəki büstünü ziyarət edərək önünə əklil qoyublar.
Muzeydə davam etdirilən tədbirdə Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva iyunun 22-də Bülbülün anadan olmasının 122-ci ildönümünün tamam olduğunu bildirib, sənətkarın yaradıcılığından danışıb.
Sonra gənc musiqiçilər Ramin və Rasim Pirməmmədov qardaşları tarda və pianoda Bülbülün repertuarından əsərləri, Azərbaycanın xalq musiqi və mahnılarını ifa ediblər.