26 iyun Azərbaycan Silahlı Qüvvələr Günüdür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ilk əlahiddə diviziyanın yaradılması barədə qərar qəbul edib. Prezident Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.

Əlamətdar gün münasibətilə mədəniyyət müəssisələri tərəfindən müxtəlif tədbirlər təşkil olunur.

İyunun 24-də Müdafiə Nazirliyi və Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin birgə təşkilatçılığı ilə reallaşan “Güclü dövlətin güclü ordusu olmalıdır” adlı respublika uşaq incəsənət məktəblərinin şagirdləri arasında plakat sərgi-müsabiqəsinin final mərhələsi keçirilib. H.Aslanov adına Mərkəzi Zabitlər Evində keçirilən tədbirdə şəhər və rayonlar üzrə 167 şagirdin 258 əl işi təqdim olunub.

Mərasimdə Müdafiə Nazirliyinin İdeoloji iş və mənəvi psixoloji təminat idarəsinin rəisi, general-mayor Rasim Əliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdəmir, Xalq rəssamı Ağəli İbrahimov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev və başqaları çıxış ediblər.

Qeyd edilib ki, belə tədbirlərin keçirilməsində məqsəd uşaqların əl işlərində dövlətçiliyin mühüm atributu olan milli ordunun güc və qüdrətinin təcəssüm etdirilməsi, istedadlarının üzə çıxarılması və dəstəklənməsi, ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi və təbliğ olunmasıdır.

Tədbirin bədii hissəsində Müdafiə Nazirliyinin Xalq çalğı alətləri kvarteti və Bakı şəhər M.Maqomayev adına 26 nömrəli Uşaq musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər. Sonda qaliblər mükafatlandırılıb. Üç nominasiya üzrə birinciliyi Elşad Ağayev, Sehri Zeynalabdinova və Aylin Manafova qazanıb.

***

Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Tarix-diyarşünaslıq muzeyi və Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə “Ümid sənədir, Azərbaycan əsgəri!” adlı bayram tədbiri keçirilib. Muzeyin direktor müavini Aynur İbrahimova Azərbaycan Silahlı Qüvvələrinin yaranması mövzusunda çıxış edib. Xalq şairi Qabilin “Ümid sənədir ancaq, Azərbaycan əsgəri!” adlı şeiri səsləndirilib. Uşaq musiqi məktəbinin muğam sinfinin müəllim və şagirdləri tədbirdə konsert proqramı ilə çıxış ediblər.

***

Füzuli Dövlət Dram Teatrı Azərbaycan Milli Ordusunun yaranmasının 101-ci ildönümü ilə əlaqədar Bərdə, Tərtər və Mingəçevir rayonlarında qastrol səfərində olub. Kollektiv N saylı hərbi hissələrdə təşkil olunan “açıq qapı” tədbirində konsert-tamaşa ilə iştirak edib. Teatrın repertuarında olan əsərlərdən parçalar, aparıcıların ifasında əsgər həyatına həsr olunmuş şeirlər, musiqi nömrələri maraqla qarşılanıb.

Təqdim olunan proqram əsgərlərdə və bayram tədbirinə qatılan valideynlərdə xoş əhval-ruhiyyə yaradıb. Sonda teatrın kollektivi hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanla təltif olunub.

***

Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü ilə tabe müəssisələrdə Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçirilib.

Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində klub müəssisələri ilə birgə “Ordum məni qoruyur” adlı konsert təqdim olunub.

Corat qəsəbə Mədəniyyət evinin özfəaliyyət kollektivi N saylı hərbi hissədə konsert proqramı ilə çıxış edib.

Nizami Gəncəvi adına Kitabxana-klubda “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi ilə birgə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş “Mən şəhid oldum ki, Vətən yaşasın” adlı tədbir keçirilib.