İyunun 21-də Dövlət Film Fondunda Xalq artisti, görkəmli teatr və kino aktyoru Məlik Dadaşovun (1924-1996) anadan olmasının 95 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirildi.

Əvvəlcə Məlik Dadaşovun çəkildiyi filmlərdən fraqmentlər göstərildi.

Gecəni giriş sözü ilə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Məlik Dadaşovun kino yaradıcılığından danışdı. Qeyd etdi ki, sənətkar kinoda ilk rolunu 1947-ci ildə “Fətəli xan“ filmində oynayıb. Bu rol kiçik də olsa, yaddaqalan olub. Ondan sonra istedadlı aktyor kinomuzda onlarla yaddaqalan, maraqlı, özünəməxsus dəst-xətti ilə seçilən obrazlar yaradıb. İllər keçsə də, bu rollar hər zaman tamaşaçı rəğbəti ilə qarşılanır.

Kinoşünas, Əməkdar incəsənət xadimi Aydln Kazımzadə aktyorun sənətkarlıq istedadından danışdı. Diqqətə çatdırdı ki, Məlik Dadaşov mənfi tipləri məharətlə oynayırdı. Sənətkar nəhəngliyi sayəsində kino tariximizdə Şeyх Nəsrullah, Qəmlo, Molla Sadıq kimi obrazları bir-birinə caladı. Ömrünün sonuna kimi teatrda çalışan aktyorun müxtəlif tamaşalarda yaratdığı obrazlar bu gün də yaddaşlardan silinməyib.

Əməkdar artist Elxan Qasımov aktyorla bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, Məlik Dadaşov səhnədə pafosla, yüksək romantizmlə yaşayan aktyorların arasında sakit və təbii oyunu ilə fərqlənirdi. O, ifa zamanı səsini boğmadan süni gülüş və tragizm yaratmağa can atmadan öz oyununa təbiilik qatardı.

Tədbirdə daha sonra xalq artistləri – müğənni Brilliant Dadaşova, aktyor Ramiz Məlikov, Əməkdar incəsənət xadimi, kinorejissor Cahangir Mehdiyev, Əməkdar mədəniyyət işçisi Əlisəftər Hüseynov çıxış edərək Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin inkişafında xidmətlərindən danışdılar.

Qeyd edildi ki, görkəmli sənətkar yaratdığı obrazlar üçün həmişə gözəl ifadə vasitələri tapırdı. Həyatda da yaratdığı obrazlar kimi çılğın, eyni zamanda səmimi idi. Bəlkə də ona görə deyirdilər ki, Məlik müəllim bəzən ekranda, səhnədə elə özünü oynayır...

Sonda sənətkarın qızı Gülnarə Dadaşova çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi.

S.FƏRƏCOV