“Azadlıq verilmir, alınır!” söyləmiş, Güney Azərbaycanda ilk demokratik milli hökumət yaratmış Şeyx Məhəmməd Xiyabani
İndiyədək barəsində minlərlə məqalə, cild-cild kitablar yazılmış, saysız konfrans və diskussiyalara mövzu olmuş o Milli Hökumət cəmi-cümlətanı 155 gün yaşamış...
Ondan öncə (və Yaxın Şərqdə ilk olaraq) bu tayımızda yaradılmış Demokratik Cümhuriyyət də vur-tut iyirmi üç ay...
Hələ o əsrin sonlarında bərpa edilən milli hökumətin bircə ildən artıq yaşaya bilməməsi təhlükəsi...
Büsbütün siyasi mahiyyətli bu olaylara dair xeyli məhəlli səslənən ricət: Nə var, noolub, nə xəbərdi? Bu nə xəlqi bəxt, bu nə milli qismət?...
Bəlkə –
“Bir taleyin oyununda cütlənmiş zərik, Yüz il qoşa atılsaq da, qoşa düşmərik”?!...
Hə, zaman ötdükcə, bir vaxtlar siyasət-rəyasət yetkililəri susduruluban “otay-butay”lanmış bu xalqın elm-sənət yüklüləri bu ümummilli tale qədərilə barışmalı olub yazacaqdılar ki; “Yarım bu tayda qaldı, yarım o tayda qaldı, Toyum burda çalındı, yarım o tayda qaldı” (B.Vahabzadə), “Nə vaxtadək qolubağlı qalacaqsan Azərbaycan, Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!” (Şəhriyar), “Xahiş edirəm, cənubumuzdakılar haqda söz düşəndə “qardaş” kəlməsi işlətməyin, – adam özünə qardaş deməz...” (X.Məmmədov), “İki bölünməkdən elə qorxmuşam – Çöpü də ikiyə bölmərəm daha” (S.Tahir), “O qəh-qəhin dalğasından, o məstliyin havasından qopan daşdı – Azərbaycan torpağında Araz boyda şırım açdı” (M.Araz)...
...Öz ictimai-siyasi həyat və yaradıcılıqları ilə sənət yaradıcılarına böyük SÖZ nemətləri bəxş edənlərdən biri olan –
Bu soydaşımız –
1879-cu ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsində doğulub. İlk təhsildən sonra Mahaçqalada ticarətlə məşğul olan atasının yanına gedib və az müddət ötmüş Təbrizə qayıdaraq məşhur ruhanilərin təlim-təsirilə ali müctəhidlik dərəcəsinə yüksəlib, kəlam-islam fəlsəfəsi və ədəbiyyat sahəsi üzrə məşhurlaşıb. Aydın nitqi, cazibədar danışığıyla bütün Təbriz əhlini heyran qoyub. Minbərini azadlıq və demokratiya yayımı kürsüsünə çevirdiyi Xiyaban məhəlləsi məscidinin imamı və ən bəlağətli vaizi kimi tanınıb. Hər söhbət-çıxışında sözünü yan-yönləşdirərək insan hüquq-azadlıqlarından bəhs edib. Üzvü olduğu partiya yüksək elmi-ictimai səviyyəsini nəzərə alaraq, onu Azərbaycan əyalət əncüməninə üzv seçib. Qırx bir il ömür yaşamış bu mücahid tarixə Güney Azərbaycan və İranda ilk demokratik firqə və rejim yaradıcısı kimi düşüb. Əcnəbi tarixçilərin də fikrincə, onun başçılıq etdiyi hakimiyyət dövründə Təbriz əhalisi misli görünməmiş demokratiya yaşayıb.
İnqilabi fəaliyyətə məşhur Səttarxan hərəkatı (1905-1911) zamanı “sıravi nəfər” kimi başlayan Xiyabani Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının rəhbəri səviyyəsinə yüksəlir. Yeri gəlmişkən, hakimiyyətin ilk günlərinin birində, axşamçağı, bir əcnəbi jurnalist qələbə tonqalı başında dayanmış Səttarxana mücahidlərin cəsurluğu ilə bağlı bir neçə sualdan sonra, inqilabın siyasi məram-məqsədləri məsələsinə keçdikdə, “sərdari-milli” deyir: “Mən qılınc adamıyam, bu sualın cavabını bax, o tonqalın başında dayanmış Şeyxdən ala bilərsiz...”
Həyat-mübarizə fraqmentləri
“Təcəddüd” qəzetində “Həqiqət nur saçacaqdır” (9 aprel 1917) adlı ilk məqaləsini “Həqiqəti açıq demək lazımdır!” bəyanı ilə başlayan Xiyabani sonrakı çıxışında yazırdı: “Mürtəce və totalitar çar Rusiyası artıq dağılmışdır. İndi İran xalqları qanı hesabına alınmış məşrutə qanununu qoruyub icra etməlidir”.
1918-ci ildə Azərbaycan Demokrat Firqəsinin fəaliyyəti sayəsində rus qoşunları İrandan çıxarılsa da, bu yeri ingilislər tutur və onların Rzazadə kimi casusları Təbrizə göndərilir. Erməni silahlı dəstələri Urmiyanı büsbütün oda qalayırlar. Xiyabaninin “Müstəqillik uğrunda mübarizə aparan xalq birinci növbədə ölümə hazır olmalıdır. Qorxu millətin əsaslarını pozursa, igidlik həmin əsasları sarsılmaz edir” qəbilli nitq və məqalələri xalqın azadlıq əzmini daha da gücləndirir.
1920-ci ilin mayında Təbrizdə ADF-nin rəhbərliyilə böyük mitinq təşkil edilir, imperialist-irtica qüvvələri əleyhinə mübarizəni gücləndirmək çağırışları səslənir, milli azadlıq hərəkatı həlledici mərhələyə keçir. 1920-ci il aprelin 7-də Xiyabaninin rəhbərliyilə Təbrizdə üsyan başlanır, bütün Təbriz əhalisi üsyançıların müdafiəsinə qalxır. Mərkəzdən göndərilmiş polis dəstələri şəhəri tərk edirlər və üsyan qan tökülmədən qalib gəlir. Milli hökumətin fəaliyyətə başladığı 24 iyun günü Təbrizdə ümumxalq bayramına çevrilir. Hələ Xiyabani buna da əminmiş ki, “Təbriz bütün İrana nicat verəcəkdir!”...
“Bütün İran tarixi boyu azadlıq uğrunda mübarizənin qabaqcılı” kimi dəyərləndirilən Azərbaycan əyalətinin “Azadistan” adlanması qəbul edilir. Bütün lövhələrdə, dövlət vərəqələrində “Azərbaycan” sözü yerinə “Azadistan” yazılır. Növbəti ay – 1920-ci il iyunun 22-də ADF ümumi səslə milli hökumətin qurulması haqqında qərar qəbul edir və Ş.M.Xiyabani Milli hökumətin sədri seçilir.
Bu –
Güney Azərbaycan tarixində yaranmış ilk demokratik milli hökumət idi.
1920-ci il iyunun 22-də hökumət başçısı kimi Alaqapı şəhərinə köçən Xiyabani az müddətdə bir çox islahatlar aparır: Milli Qvardiyanın yaradılması, maarif rəisi vəzifəsinə böyük Azərbaycan sevdalısı Ə.Füyuzatın təyini, təhsilin Azərbaycan dilində keçirildiyi iki qadın məktəbi, bütün idarə, nəşriyyat işlərinin ana dilində aparılması və s. Həmin aylarda Təbrizə gələn xarici diplomatlarsa, daha çox, əyalətdəki ideal əmin-amanlıq haqqında danışıb-yazıblar...
Xiyabanilə bir dövrdə yaşayan və onu yaxından tanıyanlar öz xatirələrində etiraf edirlər ki, müctəhid səviyyəsində dayanan, dindarların ibadətində pişnamaz şərəfini qazanmış Ş.M.Xiyabani eyni zamanda müasir (o cümlədən sosioloji) elmləri müntəzəm olaraq türk, fars və ərəb dillərində mütaliə edərək, bu sahələri yetərincə mənimsəyibmiş. Həmin qənaətlərdə bu nüans da vurğulanır ki, onun mütəfəkkir siyasətçi səviyyəsinə yiyələnə bilməsində bölgənin savadlı və kübar qadınlarından sayılan həyat yoldaşı Zəhra xanımın da az rolu olmayıb. Bu faktı onun xanım-xatınlıq həmkarı kimi qiymətləndiriləsi Həmidə xanımın (Mirzə Cəlilin həyat və mübarizə yoldaşı) xatirələrindəki sətirlər də təsdiq edir: “Mərhum Şeyxin qadını cavan, yaxşıca savadlı və əsl Şərq gözəli idi”.
Vurğulayaq ki, Şeyxin qurduğu (məramca yalançı sosializm-kommunizmdən uzaq) Milli hökumətə bütün sinif və təbəqələrin nümayəndələri daxil edilmişdi.
Lakin... tarixən yaxşı, xeyirxah (xüsusən, milli qapsamda) iş-əməllər paralelində əleyhçilər də daim müntəzir!...
Ailə zənginliyini milli mənlik aliliyindən irəli tutanlar (doktor Zeynalabdin xan, M.Bağır, H.Fişəngçi, Q.Rzazadə, Sultanzadə və b.) ADF əleyhinə, Vətən-xalq fədakarı Xiyabaninin ümummilli-mədəni çabalarına qarşı fəaliyyətə başlayır və məlum qüvvələrin milli hökuməti “beşikdəcə boğmaq” qərarına rəvac vermiş olurlar.
Xiyabaninin “Hər bir millətin şərafətinin birinci şərti onun istiqlalıdır!” kimi çıxışları mücahidləri son nəfəsədək döyüşə ruhlandırsa da...
Bəli, 1920-ci il sentyabrın 12-də Milli Hökumətin yerləşdiyi Alaqapıya hücum başlanır, kütləvi talan və zorakılıqlar edilir, Şeyxin 300-dən çox silahdaşının evlərinə od vurulur, Təbriz küçələri mücahidlərin qanına boyanır.
Şeyxin ölümü...
Bu haqda ən yaxın dostu Həsənəli Miyanəçinin nəvəsinin nəqli: “Müxbirüssəltənə qiyam və qiyamçıları məhv etmək üçün Təbriz Milli Qvardiyasının rəisi Bağır xan Salarimillinin oğlu Haşimini və Təbriz kazak rəisini razı etdikdən sonra Alaqapıya hücum əmri vermiş və Xiyabanini yanına gətirməyi istəmişdir. Həmin vaxt Milli hökumət qüvvələrinin çoxu Qaradağda Əmir Ərşədlə müharibəyə göndərilmişdi. Kazaklar Alaqapıya hücum etdikdə Xiyabani evində gizlənməyə məcbur olmuş, yaxın dostu ona “mən gəlməyincə evdən çıxma” demiş, lakin gəlməmişdir. Xiyabani dörd saat gözlədikdən sonra evdən çıxmağı qərara almışdır. O bizə gəldikdə dedi ki, Sərtibzadə məni dörd saat müntəzir qoydu, yoxsa mən şəhərdən çıxardım. Çarəni evin damına çıxıb, dal küçəyə düşməkdə gördüm. Həyat yoldaşım tüfəngimi və bir qatar patronu damdan mənə atdı və sizə gəldim”.
Şeyxin başını gətirənə böyük mükafat vəd edilir və sentyabrın 14-də Azərbaycan xalqının böyük ruhani-alim oğlu Xiyabani qətlə yetirilir.
Bu ölüm... çıxışlarının birində “Şərafətlə, namusla ölmək şərafətsiz dirilikdən yaxşıdır” söyləmiş Xiyabaninin (milli mübarizə başlamından göz altına aldığı “sonuc” baxımından) öz məslək-məramına sadiqliyinin təsdiqi idi. Son çıxışında dediyi “Ucdantutma qırğınlar, soyğunlar, işgəncələr Azərbaycandakı istiqlaliyyət hərəkatını, azadlıq tələblərini məhv edə bilməyəcək!” sözlərini yaşadanlar Şeyxin cənazəsini düşmən əlindən zorla alaraq Təbrizin “Seyid Həmzə” qəbiristanlığında torpağa tapşırırlar (sonralar həmin qəbiristanlıq söküldüyündən nəşi Tehrana aparılaraq böyük mücahid həmkarı Səttar xanın məzarı yaxınlığında dəfn edilib).
Bundan bir az öncə bir tərəfdən Ş.M.Xiyabani ilə danışıqlar aparıb, müxtəlif vədlər verən, digər tərəfdənsə, hücum planı hazırlayan rejim Milli hökuməti devirir. Necə ki, 5 ay öncə bu xalqın şimal bölümündə qanlı bolşevik rejimi daşnakların etnik-siyasi yardımı (məxsusi təhriki) ilə Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoymuşdu…
Beləliklə, eyni ilin yazı ilə payızında, ikiyə bölünmüş Azərbaycan xalqının iki parlaq (lakin nakam) istiqlal qələbəsi tarix səhifələrinə qovuşur.
Lakin… dərs!
Misalçün, həmin o “milli kimlik” qətlindən 25 il sonra Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi məlum “21 Azər hərəkatı” nəticəsində yaranan Azərbaycan Milli Hökuməti...
Ruh ölməyibsə, xalq da olacaq, mübarizə də. Bu kimi şanlı sələflərin “Haqqa xidmət etmək istəyən bir qüvvə daha güclü düşmənlər müqabilində məğlub olsa belə, o yenidən dirçəlməyə müvəffəq olacaqdır” kimi çağrıları, “Ey ölməz Azərbaycan, başını uca tut, yaşa və ədəbi var ol!” kimi alxış-alqışlarıyla!...
Tahir ABBASLI