Əsrlər boyu Qarabağın iri sənaye-ticarət mərkəzlərindən olmuş Ağdam həm də bu qədim diyarımızın zəngin irsini yaşadan mədəniyyət mərkəzi kimi tanınmışdır. Qarabağda milli xalça sənətinin inkişafında da Ağdamın xüsusi yeri və rolu vardır.
Ağdam bölgəsinin bu xüsusiyyətləri nəzərə alınmaqla bir sıra iri sənaye müəssisələri, o cümlədən “Azərxalça” İstehsalat Birliyinin (1925-ci ildə respublika ərazisində fəaliyyətdə olan bütün xalça artellərinin mərkəzləşdirilmiş qaydada idarə olunması məqsədilə təsis edilən müəssisə “AzərXalçaİttifaq” adlanırdı) xalça müəssisəsi fəaliyyət göstərirdi. Qarabağ vilayəti üzrə ilk xalça arteli 1924-cü ildə Xankəndidə (“Qarabağ Xalça Arteli”) yaradılmışdı. 1927-ci ildə “Qarabağ Xalça Arteli”nin tərkib hissəsi olaraq Ağdam xalça müəssisəsi təşkil edilmişdi.
Azərbaycanda, o cümlədən Qarabağda da xalça toxunması ötən əsrin 40-cı illərinə qədər əsasən fərdi şəkildə evlərdə həyata keçirilirdi. Ağdam müəssisəsi də bu baxımdan istisna deyildi. 1939-cu ildə Ağdamda xalça fabriki yaradıldı. Qarabağ xalçaçılıq məktəbi ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində fabrikin yaradılmasının böyük rolu olub. İlk mərhələdə bu fabrikdə əsasən palazların toxunması həyata keçirilirdi.
Ağdam xalça müəssisəsinin fəaliyyəti 1952-ci ildən daha da genişləndi və “Azərxalça” İstehsalat Birliyinin birbaşa tabeçiliyində Ağdam Xalçaçılıq müəssisəsi yaradıldı. Bununla da müəssisənin inkişafına təkan verildi. Məsələn, 1967-ci ildə bu müəssisədə 1354 kvadratmetr əl xalçası istehsal edilmişdi. Ağdamdakı 36 saylı Texniki peşə məktəbinin xalçaçılıq şöbəsi fabrikdə yerləşirdi. Burada gənc qızlar istehsalat şəraitində təcrübəli ustaların rəhbərliyi altında toxuculuq ixtisasına yiyələnirdilər. İstehsalat təcrübəsilə təhsilin vəhdətinin yaradılması böyük səmərə verirdi. 1982-ci ildən “Azərxalça” İstehsalat Birliyi “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinə çevrildikdən sonra isə Ağdam Xalça müəssisəsi də yeni strukturlu xalça vahidliyinə çevrildi. Onun Şuşa şəhərində, Bərdə və Xocalı rayonlarında, Ağdamın Baş Güney, Papravənd, Əlimədədli, Mərzili kəndlərində sexləri fəaliyyət göstərirdi. İstehsal olunan xalçalar vahidlikdə toplanaraq hər ayın sonunda “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinə təhvil verilirdi.
Fəaliyyəti dövründə Ağdam Xalça müəssisəsi Qarabağın digər bölgələrində də təkcə sexlərdə deyil, həm də ev şəraitində çalışan toxucuların işə cəlb edilməsinə imkan yaratmışdı. 80-ci illərin sonlarında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəmində Dağlıq Qarabağ münaqişəsinin alovlanması ilə mənəvi və fiziki təqiblərə, etnik təmizləməyə məruz qalan azərbaycanlılar Xankəndini və digər yaşayış məntəqələrini tərk etməyə məcbur olurdu. Xalçaçı mütəxəssislər sarıdan korluq çəkdiyindən “Qarabağ Xalça Arteli” sonradan sexə çevrilmiş və “Azərxalça” Birliyinin Ağdamda yaradılmış Qarabağ üzrə müəssisələrin ümumi mərkəzi strukturu olmaqla Ağdam Xalça İstehsalat Vahidliyinin tabeçiliyinə verilmişdi. 1993-cü ildə Ağdam şəhərinin işğalı nəticəsində “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin Qarabağda qovşaq xarakterli ən iri xalçaçılıq müəssisəsi də dağıdıldı.
Lakin Ağdam Xalça İstehsalat Vahidliyi istehsalat binasını itirsə də, fəaliyyətini dayandırmadı. Müəssisə xilas edilməsi mümkün olan avadanlıqları ilə birlikdə və kollektivinin bir hissəsi olmaqla Bərdə şəhərinə təxliyə edilmişdi. Bu işlərin görülməsində həmin dövrlərdə vahidliyin direktoru olan Aybəniz Cəfərovanın əməyi danılmazdır. Ağdamın işğalından sonra kollektiv Bərdə şəhərində “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyinin modul tipli müəssisəsinin inzibati və istehsalat binasında uzun illər yaşamış və fəaliyyət göstərmişdir. Daha sonra Ağdam rayonunun bir sıra müəssisə və təşkilatlarının Quzanlı qəsəbəsində fəaliyyəti bərpa olundu. İxtisaslı toxucuların yenidən bu qəsəbədə toplanması kadr potensialını formalaşdırdı. Bu isə toxucu kollektivinin yeni iş yeri ilə təminatına zərurət yaratdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Quzanlı qəsəbəsində “Azərxalça” ASC-nin tabeliyində yeni, müasir xalça müəssisəsi inşa edildi. 2018-ci il noyabrın 5-də ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva “Azərxalça” ASC-nin Quzanlı qəsəbəsindəki Ağdam filialının açılışında iştirak etdilər. Bu ərazidə xalça müəssisəsinin fəaliyyətinin yeni strukturda bərpası Qarabağ xalçalarının regional xüsusiyyətlərinin qorunub yaşadılmasına, həmçinin əhalinin rifahının, həyat və iş şəraitinin yaxşılaşdırılmasına yönəldilmiş Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş siyasətin bariz nümunəsidir.
Fəaliyyəti dövründə Ağdam Xalça müəssisəsinə (ilk mərhələdə artel, sonradan Xalça istehsalat vahidliyi, hazırda isə xalça fabriki adlanır) bacarıqlı mütəxəssislər, o cümlədən 1940-1957-ci illərdə Qaratel Qasımova, 1957-1971-ci illərdə Rübabə Orucova, 1971-2011-ci illərdə isə Aybəniz Cəfərova rəhbərlik etmişlər. 2011-ci ildən isə Ceyran Əliyeva bu ənənələri davam etdirməkdədir. Müəssisənin adı, tabeçilik və fəaliyyət strukturları dəyişsə də, xalçaçılıq ənənələri dəyişməz qalmışdır. Qarabağ xalçaçılıq məktəbi ənənələrini gənc nəslə aşılamaq üçün Ağdam rayonunun Quzanlı qəsəbəsində yerləşən 2 saylı peşə məktəbində “Ağdam” Xalça İstehsalat Vahidliyinin sabiq direktoru Aybəniz Cəfərovanın rəhbərliyi ilə xalçaçılıq qrupları fəaliyyət göstərir. Burada gənc qızlar Azərbaycan xalçaları barədə nəzəri biliklərə yiyələnir, emalatxanada təcrübə keçirlər. Aybəniz xanım və həmin müəssisənin keçmiş əməkdaşları xalçaçılıq sahəsində topladıqları zəngin təcrübələrini gənclərlə bölüşürlər.
Əlisəfa NURİYEV,
Azərbaycan Xalça Muzeyi Şuşa filialının müdiri