İyunun 27-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) ənənəvi Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına həsr olunan mətbuat konfransı keçirildi. Mətbuat konfransında ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə çıxış edərək festivala hazırlıqla bağlı geniş məlumat verdi.

Bildirdi ki, iyunun 29-dan iyulun 3-dək Şəkidə sayca 10-cu “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Mədəniyyət Nazirliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə dəstəyi ilə keçirilən festivalda çoxsaylı qonaqların iştirakı gözlənilir. Festivalda Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Macarıstan və digər ölkələri təmsil edən musiqiçilər çıxış edəcəklər. Bu il “İpək Yolu” festivalı 10 illik yubileyini qeyd edir. Əsrarəngiz sənət aləmi ilə dinləyiciləri daima valeh edən, müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu bu məkanda yenə də dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət konsert proqramları təqdim ediləcək.

Firəngiz Əlizadə onu da diqqətə çatdırdı ki, Bəstəkarlar İttifaqı bu il ikiqat yubiley sevinci yaşayır. Bəstəkarlarımız və musiqişünaslarımız böyük ruh yüksəkliyi ilə təşkilatımızın yaranmasının 85 illiyinə hazırlaşırlar. Bu il həm də görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi qeyd edilir. Prezident İlham Əliyev tərəfindən bu ilin “Nəsimi ili” elan edilməsi respublikamızda bir sıra mədəni layihələrin vüsət almasına təkan verib. Bununla əlaqədar olaraq festival günlərində “Nəsimiyə ithaf” vokal-xoreoqrafik kompozisiyası nümayiş olunacaq və Şəki Musiqi Kollecində Nəsimi irsinin Azərbaycan bəstəkarlarının əsərlərində təcəssümünə həsr edilmiş dəyirmi masa keçiriləcək.

Vurğulandı ki, ötən festivalların səsi-sorağı müxtəlif ölkələrə yayılaraq maraq doğurub. Bu il də TÜRKSOY-a daxil olan ölkələrin musiqi kollektivləri qonağımız olacaq. Qazaxıstanın estrada-simfonik orkestri maraqlı konsert proqramı ilə tamaşaçıları sevindirəcək. Rusiyadan və Macarıstandan dəvət olunmuş kollektivlər festival iştirakçılarına teatrlaşdırılmış konsertlər nümayiş etdirəcəklər.

Azərbaycan musiqisi – muğam operasından kamera-instrumental əsərlərədək ən müxtəlif janrlarda təmsil olunacaq. Ənənəvi olaraq yubiley festivalının proqramı da Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının Şəkidəki Yuxarı Karvansara tarixi memarlıq kompleksində konsert-tamaşası ilə başlayacaq.

Firəngiz Əlizadə çıxışının sonunda festivalın yüksək səviyyədə keçirilməsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Tədbirdə daha sonra Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı, Macarıstanın ölkəmizdəki səfirliyinin nümayəndəsi Mixalu Qruber, Rusiyanın Azərbaycandakı səfirliyinin müşaviri İqor Yeronin və Xalq rəssamı Arif Hüseynov “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə keçəcəyinə əmin olduqlarını bildirdilər.

***

Həmin gün Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Şəki “İpək Yolu” X Beynəlxalq Musiqi Festivalı ərəfəsində “Nəsimiyə ithaf” layihəsi üzrə şairin qəzəllərinə yazılmış musiqi əsərlərindən ibarət konsert və Xalq rəssamı Arif Hüseynovun “Nəsimi dünyası” mövzusunda rəsm əsərlərinin sərgisi təşkil olunub.

Konsert beynəlxalq müsabiqə laureatları Süleyman Əyyubov (violin) və Fəqan Həsənlinin (piano) dahi Azərbaycan bəstəkarı Niyazinin “Rast” əsərini ifası ilə başlayıb. Əsasən gənc bəstəkarların əsərlərindən ibarət olan konsertdə Vüqar Məmmədzadənin “Hardasan?” əsəri beynəlxalq müsabiqələr laureatları Rza Xosrovzadə və Fuad Əlizadənin royalda ifasında təqdim edilib.

Daha sonra əməkdar artistlər Fəridə Məmmədova (soprano), Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), beynəlxalq müsabiqə laureatları Ümidə Abbasova, Süleyman Əyyubov (hər ikisi violin), Humay Hacızadə (viola) və başqaları çıxış ediblər. Gənc bəstəkar Tural Məmmədlinin “Məndə sığar iki cahan” əsəri də maraqla qarşılanıb.

S.FƏRƏCOV