İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən Uşaq və gənclər arasında xalq çalğı alətləri ifaçılarının IV Respublika müsabiqəsi qaliblərinin yekun konserti keçirildi.
Mədəniyyət nazirinin müavini Rafiq Bayramov konsertdən əvvəl çıxış edərək qalibləri təbrik etdi, xoş arzularını çatdırdı. Bildirdi ki, dövlətimiz milli ifaçılıq sənətini, xalq çalğı alətlərinin inkişafını daim diqqətdə saxlayır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif layihələr həyata keçirilir.
Vurğulandı ki, Mədəniyyət Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən bir də istedadlı uşaq və gənclərin yaradıcılığını stimullaşdırmaq üçün bu yöndə layihələr gerçəkləşdirməkdir: “Məhz bu uğurlu siyasət nəticəsində biz beynəlxalq sahədə də böyük uğurlar əldə etmişik. Mehriban xanım Əliyevanın diqqəti və dəstəyi sayəsində milli ifaçılıq sənəti nümunələrimiz, o cümlədən muğam ifaçılığı, aşıq sənəti, tar və kamança ifaçılıq sənətləri UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınıb”.
Nazir müavini müsabiqə haqqında məlumat verdi. Dedi ki, ölkəmizdə musiqi təhsilinin inkişaf etdirilməsi, xalq çalğı alətlərinin təbliği, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının yüksəldilməsi məqsədilə təşkil edilən müsabiqə 7 nominasiyada 3 yaş qrupu üzrə (9-12 yaş, 13-15 və 16-18 yaş) keçirilib. Müsabiqə bütün musiqi təhsili müəssisələrini əhatə edib. 800 nəfərə yaxın şagird və tələbə seçimlərə qatılıb. İki turdan ibarət müsabiqənin I mərhələsi (15-31 may) Gəncə, Şəki və Lənkəran, İsmayıllı, Bərdə və Quba şəhərlərində, II mərhələ isə 7-9 iyun tarixində Bakı şəhərində gerçəkləşib. Xalq artisti, tarzən Ramiz Quliyevin rəhbərliyi ilə münsiflər tərəfindən iştirakçılar arasında seçim aparılaraq qaliblər müəyyən olunub. Münsiflər həmçinin bölgələrdə ustad dərsləri keçiblər.
Rafiq Bayramov çıxışının sonunda bir daha qaliblərə yeni uğurlar arzuladı, onların müəllimlərinə, eləcə də münsiflərə təşəkkürünü bildirdi.
Xalq artisti Ramiz Quliyev çıxışında ölkəmizdə musiqi təhsilinin inkişafından, müsabiqənin əhəmiyyətindən, milli musiqi alətlərinin təbliğindən və bu sahəyə göstərilən dövlət qayğısından söz açdı. Bildirdi ki, Azərbaycanda bədii təhsil sahəsində xalq çalğı alətləri ifaçılığı xüsusi yer tutur. Bu baxımdan müsabiqənin çox böyük əhəmiyyəti var: “Müsabiqə bütün musiqi təhsili müəssisələrində çalışan şagird, müəllim və konsertmeysterlərin bacarığını nümayiş etdirmiş oldu. Çox sevindirici haldır ki, müsabiqə gənclərə yeni bir yol açır. Seçimlər çox şəffaf şəkildə keçirilib və bu gün fəxrlə deyə bilərik ki, musiqi sənətimizin gələcəyi istedadlı, bacarıqlı əllərdədir və bu sahədə yüksək inkişaf var. Bölgələrdə də bədii təhsil üçün gözəl şərait yaradılıb. Bu gün qalib olan uşaq və gənclərimiz gələcəkdə musiqimizi mötəbər beynəlxalq müsabiqələrdə təbliğ edəcəklər. Bütün qalibləri təbrik edir, gənclərə sənət yollarında uğurlar arzulayıram”.
Çıxışlardan sonra müsabiqənin 15 nəfər qalibinin iştirakı ilə konsert proqramı təqdim olundu. Gənclərin tar, kamança, saz, qanun, qarmon, balaban və nağara alətlərində Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət çıxışları böyük maraqla və alqışlarla qarşılandı.
LALƏ