İyulun 1-də həmçinin Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən Dünya İrsi Gənc Peşəkarlar Forumunun iştirakçılarınaa sertifikatların təqdim olunması mərasimi oldu.
UNESCO baş direktorunun müavini Ernesto Ottone Ramirez çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi. O, gənc peşəkarlar üçün yaradılan şərait, forumun uğurla keçirilməsi barədə fikirlərini bölüşdü və mədəni irsin qorunmasında gənclərin rolunu xüsusi vurğuladı.
Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, mədəniyyət naziri Əbülfəs Qarayev forumun iştirakçılarına təşəkkürünü bildirdi. Nazir dedi ki, Gənc Peşəkarlar Forumu təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır və bu, gənclərin gələcək fəaliyyəti üçün çox önəmlidir.
Forumun gedişində ölkəmizi gəzən və mədəni irs nümunələrimizlə bağlı fikir bildirən gənclərə işlərində uğurlar arzulayan nazir Azərbaycanın mədəni irsini özləri üçün kəşf edən iştirakçıların təəssüratlarının müsbət olacağına əmin olduğunu vurğuladı. Sonda Gənc Peşəkarlar Forumunun iştirakçılarına sertifikatlar təqdim olundu və xatirə şəkli çəkdirildi.