Sənətşünaslıq doktoru, professor Tariyel Məmmədovun yeni kitabı - «Koroğlu aşıq havaları» monoqrafiyası işıq üzü görüb. Müəllifin belə bir qeydi kitaba epiqraf kimi verilib: «Azərbaycanın görkəmli musiqi xadimlərinə - ənənəvi musiqimizi toplayıb nota yazaraq, onu gələcək nəsillər üçün qoruyanlara, maarifçi və tədqiqatçılara ithaf olunur».
   
   Doğrudan da qeyri-maddi mənəvi irsimizi, o cümlədən aşıq musiqisinin notlaşdırılması bu zəngin xəzinənin qorunmasına, öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına şərait yaradır. Kitabın müəllifi Tariyel Məmmədovun özünün də qeyd etdiyi kimi, artıq otuz ildir ki, onun elmi tədqiqatlarının mənbəyini qeyri-maddi mənəvi irsin notlaşdırılması təşkil edir. Müəllifin fikrincə, bu sahə Azərbaycan musiqi mədəniyyətinin məhz kökündən, mayasından tədqiq olunmasını təmin edən və şifahi ənənəli xalq musiqisinin dinamik inkişafının təkamül yolunu izləməyə imkan verən, milli irsimizin ən mükəmməl xüsusiyyətlərini səciyyələndirən müstəqil bir sahədir.
   Tariyel Məmmədovun əvvəllər nəşr olunmuş «Koroğlu mahnıları», «Azərbaycan ənənəvi aşıq havaları», «Aşıq sənəti», «Azərbaycan klassik aşıq havaları» kitablarında, başqa tədqiqat işlərində də bu və ya digər dərəcədə həmin məsələlər dururdu. «Koroğlu aşıq havaları» müəllifin əvvəlki kitablarında praktiki şəkildə nümayiş etdirilən problemləri metodoloji cəhətdən elmi şəkildə açıqlayan və əsaslandıran fundamental tədqiqat işidir. Bu məsələni müəllif özü çox obyektiv şəkildə bir cümlə ilə ifadə edib: «Burada diqqət mərkəzində ömrünü şifahi ənənəvi professional milli irsin toplanılmasına, tədqiqinə və notlaşdırılmasına həsr etmiş etnomusiqişünasın elmi mövqeyinin şərhi durur».
   Bununla yanaşı, müəllif unutmur və xüsusi olaraq qeyd edir ki, onun bu gün əldə etdiyi nəticələr donub qalmış elmi sənədə çevrilməyəcək. Klassik aşıq havaları tarix boyunca çoxsaylı variantda öz həyatını davam etdirir, öz ifaçılarının - aşıqların iştirakı ilə daim yeniləşən bir prosesə çevrilir, eləcə də, bu havalar haqqında yazılanlar da hər dəfə zənginləşəcək, aşıq havalarının notlaşdırılması, müəllif tərəfindən orijinal şəkildə transkripsiya olunan hər bir nümunəsi isə xalq mədəniyyətinin və dünyaduyumunun dünənini və bu gününü səciyyələndirən kamil örnəklər olaraq qalacaq.
   Kitab giriş və üç hissədən ibarətdir.
   «Metodologiya» adlanan birinci hissədə kitabda qeyd edildiyi kimi, müəllifin metodoloji platforması açıqlanır. Burada müəllif şifahi ənənəyə söykənən professional musiqinin səciyyəvi cəhətlərinin, musiqi folklorşünaslığı axarında özəl xüsusiyyətlərinin araşdırılması ilə bağlı özünün metodoloji prinsiplərini şərh edir. Qeyd edək ki, müəllifin bu yöndə problemə yanaşma prinsipi yeniliyi ilə diqqəti cəlb edir.
   «Tədqiqat» adlanan ikinci hissə üç fəsildən ibarətdir: «Tarixin səhifələri», «Poetika» və «Tipologiya».
   Azərbaycan xalqının bədii təfəkkürünün məhsulu olan «Koroğlu» dastanı ilə bağlı ayrı-ayrı tədqiqatlara münasibət bildirən müəllif, eyni zamanda göstərir ki, dastan burada ifadə olunan xalq epik yaradıcılığı həqiqətini bədii ənənə çərçivələrində özünəməxsus şəkildə modelləşdirir, çoxəsrlik təcrübə xalqın idealları, iradəsi və baxışları ilə birləşir.
   Tədqiqatçı bu hissədə dastanın aşıq tərəfindən söylənilməsi, dinləyicilərə çatdırılması məsələləri üzərində xüsusi dayanır, bu barədə öz müşahidələrini, fikir və mülahizələrini şərh edir. Müəllif məlum həqiqəti xatırladır ki, aşıq dinləyicilərin tələb və zövqlərinə uyğun olaraq dastanın mətnini dəyişdirə, uzada və qısalda bilər, yeni epizodlar əlavə edə bilər, yaxud ayrı-ayrı epizodları inkişaf etdirə bilər. Məsələyə bu yöndən işıq salan tədqiqatçı belə hesab edir ki, zaman hüdudu «Koroğlu» dastanı üçün bir çərçivədir; onun qəhrəmanı Koroğlunun ağlasığmaz sərgüzəştləri və şücaətləri bu çərçivə daxilində baş verə bilər; qalan bütün əhvalatlar Koroğlunun ətrafında cərəyan edir və bununla qəhrəmanın xarakteri açılır. Müəllif bu hissədə belə hesab edir ki, «Koroğlu» dastanının epik havaları qəhrəman Koroğlunun öz dostlarına, yaxın adamlarına və düşmənlərinə olan münasibətini əks etdirir, qəhrəmanın qüdrətini, rəşadətini obrazlı şəkildə ifadə edir və Azərbaycan xalqının genetik cəhətdən əsasən XV əsrdən sonra formalaşan qəhrəmanlıq nəğmələrinə gedib çıxır.
   Müəllif «Tədqiqat» hissəsinə yekun vuraraq belə bir qənaətə gəlir ki, «Koroğlu» dastanı fəlsəfi ümumiləşdirmələrin dərinliyi, istiqaməti, vətəndaşlıq pafosu səlis musiqi - poetik bir dillə, zəngin təsvir vasitələri və bədii ümumiləşdirmələrlə birləşərək, Azərbaycan xalqının qəhrəmanlıq ənənələrinin zəngin salnaməsinə çevrilmişdir. Bu hissənin sonunda kitabın üçüncü hissəsində not yazıları verilmiş aşıq havalarının aid olduğu «Koroğlunun Dərbənd səfəri», «Durna teli», «Koroğlunun Toqat səfəri», «Koroğlu və Bolu bəy» qollarının qısa məzmunları verilib ki, bu da nəşrin oxucu dairəsinin genişlənməsinə və daha oxunaqlı olmasına müsbət təsir göstərir.
   Müəllif «Antologiya» hissəsində dastanın ayrı-ayrı qollarında yer alan «Koroğlu» aşıq havalarının - «Misri Koroğlu», «Təbl-Cəngi Koroğlu», «Qanlı Koroğlu», «Cəngi Koroğlu», «Misri», «Koroğlu gözəlləməsi», «Döşəmə Koroğlu», «Dəli Koroğlu» və başqa məşhur aşıq havalarının not yazılarını verib və bununla da həmin havaların gələcək nəsillərin də sərvəti olmasını təmin edib. Bundan başqa, tədqiqatçı müxtəlif vaxtlarda nota alınmış Koroğlu aşıq havalarını arxivlərdən üzə çıxararaq öz kitabına daxil etməklə daha bir xeyirxah iş görüb.
   Məlumdur ki, «Koroğlu» dastanı bütün türk dünyasında geniş yayılıb. Buna görə də Koroğlu türk aşıq havalarından nümunələrin daxil edilməsi nəşrin qiymətini daha da artırır.
   Qeyd edək ki, kitabda verilmiş Koroğlu aşıq havalarını müəllif böyük ustadların - Aşıq Hüseyn Saraclının, Aşıq Mikayıl Azaflının, Aşıq Əkbər Cəfərovun, Aşıq İmran Həsənovun ifalarından nota alıb.
   Biz Tariyel müəllimin bu yöndə əməyini yüksək dəyərləndirir və ona Azərbaycan aşıq sənətinin professional səviyyədə tədqiqi işində daha böyük yaradıcılıq uğurları diləyirik.
   
   Adilxan Bayramov,
   Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar