Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamının icrası üzrə ölkəmizdən xaricdə də silsilə tədbirlər davam etdirilir. Bu qəbildən növbəti tədbir Şotlandiyanın St Andrevs Universitetində təşkil edilib.
St.Andrews Universitetində yaradılan Azərbaycan cəmiyyətinin təşkilatçılığı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi və ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin birgə dəstəyi ilə böyük şair və mütəfəkkirə həsr olunmuş poeziya gecəsi keçirilib.
Tədbiri St.Andrews Universiteti Azərbaycan cəmiyyətinin rəhbəri Aslan Şıxəliyev açaraq, Nəsiminin həyat və yaradıcılığı haqqında məlumat verib, zəngin bədii irsindən bəhs edib. Aslan Şıxəliyev, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya göstərdiyi diqqətə və Nəsiminin seçilmiş qəzəllərindən ibarət kitabların St.Andrews Universitetinin kitabxanasına hədiyyə olunmasında dəstəyə görə xüsusi minnətdarlığını bildirib.
Sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın tədbir iştirakçılarına ünvanlanmış müraciəti oxunub. Məktubda Nəsiminin yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının dahi şairi olduğu qeyd olunur.
Gecədə müxtəlif ölkələrdən gələn tələbələrin ifasında Nəsiminin qəzəlləri Azərbaycan milli musiqisi sədaları altında səsləndirilib, şair haqqında filmdən fraqmentlər nümayiş etdirilib. Tədbir iştirakçılarına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun sertifikatları verilib. Sonda qonaqlara Azərbaycan milli şirniyyatları təqdim olunub.