Tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və ölkənizdə müxtəlif xalqlara məxsus dini və tarixi mədəni abidələrin qorunmasına həssaslıqla yanaşılır.

Bu sözləri Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən ABŞ-ın Los-Anceles şəhərindəki Simon Vizental adına Mərkəzin nümayəndəsi Şimon Samuels deyib.

O bildirib ki, təmsil etdiyi mərkəz yəhudi tarixi mədəni irsinin qorunması və təbliği ilə məşğul olur: “Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədə uzun illərdir yəhudilərlə azərbaycanlılar birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. İstərdim ki, Qırmızı qəsəbə də UNESCO-nun Dünya irsi siyahısına salınsın”.

Qonaq deyib ki, Azərbaycanın multikultural sahədə təcrübəsini digər dövlətlər də öyrənməlidir. Belə mədəniyyət tədbirləri ölkələrə bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradır.

***

Azərbaycan dünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirərək bu işə mühüm töhfələr verir. Bu isə Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Lüksemburqun UNESCO üzrə Milli Komissiyasının baş katibi Katerin Dekerin sözləridir.

Azərbaycanın zəngin tarixə və mədəniyyətə malik olduğunu söyləyən qonaq burada olmaqdan məmnunluğunu ifadə edib: “Burada olduğum müddətdə Yanardağ qoruğu, Xalça Muzeyi, Atəşgah məbədində oldum. Ölkənizin qədim tarixə malik olması barədə məlumatlı olsam da, bu irsin milli səviyyədə mühafizə edilməsinə xüsusi diqqəti gördüm”.