Cəfər Cabbarlının yubileyi ilə bağlı tədbir
Cəfər Cabbarlının 120 illik yubiley tədbirləri çərçivəsində Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşəbbüsü, Azərbaycan Yazıçılar Birliyi (AYB) Sumqayıt bölməsinin və “Dostluq” mədəniyyət evinin birgə təşkilatçılığı ilə ədibin Xızı rayonundakı ev-muzeyində tədbir keçirilib.
“Orada bir ev var, Xızıda” adlı tədbirdə əvvəlcə Cəfər Cabbarlının “Azərbaycan bayrağına” şeiri ilə səslənib. Tədbirin aparıcısı – yazıçı Hafiz İmamnəzərli C.Cabbarlının yaradıcılığı, ictimai fəaliyyəti, keşməkeşli həyat yolu haqqında məlumat verib. Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Mövsüm Bağırov, AYB-nin Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin, Xızı rayon Mərkəzi Kitabxanasının direktoru Ayşən Əliyeva və başqa çıxış edənlər Cəfər Cabbarlının irsindən, dövlətin mədəniyyətə, ədəbi prosesin inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıblar.
Sabir Sarvan adına Uşaq poeziya teatrının balaca aktyorlarının ifasında yazıçının 1925-ci ildə qələmə aldığı “Yaylağa gedir” adlı natamam pyesinin müasir versiyası – “Şair və artist” satirik şeiri əsasında səhnəcik nümayiş olunub. “Dostluq” mədəniyyət evi özfəaliyyət ansamblının ifasında C.Cabbarlının şeirlərinə yazılmış mahnılar maraqla dinlənilib. Sonda iştirakçılar ədibin ev-muzeyi ilə tanış olub.