Bakıda Respublika Sənətkarlıq Festivalı başlanıb
Bakıda I Respublika Sənətkarlıq Festivalı keçirilir. Gənc Tamaşaçılar Teatrının qarşısındakı meydanda, vaxtilə Ticarət (Torqovı) adı ilə tanınan Nizami küçəsində yan-yana düzülmüş köşklərdə ölkənin müxtəlif bölgələrindən gəlmiş el sənətkarları öz əl işləri ilə festivala qatılıblar.
İyulun 3-də açılışı keçirilən festival UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində təşkil olunub. Layihə Azərbaycan mədəniyyətini ən çeşidli tərəflərdən nümayiş etdirmək, sənətkarları əlinin qabiliyyəti, təxəyyülünün zənginliyi və zəhmətsevərliyi ilə tanıtmaq niyyəti ilə keçilir.
... Festivalın rəsmi açılışından bir qədər öncə, iştirakçıların öz piştaxtalarının arxasında yerlərini rahatladığı, musiqiçilərin alətlərini və səsgücləndiriciləri sazladığı vaxtdan biz də burdayıq. Digər sərgilərdən tanıdığımız sənətkarlarla salamlaşır, açıq səma altında qurulmuş bu pavilyonda da əlini işindən soyutmayan ustaların məharətinə tamaşa edirik. Axşam başmaqseyrinə çıxan şəhər əhalisi, Bakını gəzən turistlər uzaqdan gəl-gəl deyən şux rəngli plakatları, rəmzi giriş qapılarını görüb yollarını burdan salırlar. Milli geyimlərə, papaqlara baxan kim, toxunma oyuncaq və çantalara maraq göstərən kim... Burada adi məişət əşyası da tapmaq olar, zərgərlik məmulatı da, həsir bazar çantası da, Azərbaycanı hər zaman yada salacaq miniatür milli musiqi alətləri də...
Festivalın rəsmi açılış məqamı yaxınlaşır. Mədəniyyət naziri Əbülfəs Qarayev, nazirlik rəsmiləri, ölkədəki diplomatik korpusun nümayəndələri, Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən əcnəbi qonaqların bir qismi festival-yarmarka məkanına yaxınlaşırlar. Nazir əvvəlcə festival iştirakçıları ilə görüşüb onların sənət bazarına çıxardığı məhsullarla, təmsil etdikləri qurum və bölgə ilə maraqlanır. Hətta sənətkarların ona hədiyyə etmək istədikləri sovqatlardan “bu, satış yarmarkasıdır” deyərək imtina edir.
Satış demişkən, qonaqlar arasında sənətkarlarımızın əl işlərinə maraq göstərən, necə deyərlər, əlini cibinə salan da az deyil. Taxtadan yonulmuş, nəfis işləməli tar-kaman-dəf üçlüyünə maraq göstərənləri daha yaxşı başa düşmək olar. Suvenir kimi ölçücə yığcam, mənaca dərin, üstəlik, ola bilsin ki, dünyanın heç yerində tapılmayacaq interyer bəzəyidir. Yəqin ki, illər öncə Azərbaycan muğamının, ardınca tar və kamança ifaçılıq sənətlərinin UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması da Dünya İrs Komitəsinin Bakı sessiyasına qatılanların bir çoxunun yadındadır...
...Əl işi olan bijuteriyası ilə festivala qatılmış bir xanım demə, başqa sahənin də ustası imiş. Arzu edənlərə uzaq Hindistanda yaranıb Azərbaycanda son illər yerini bərkitmiş mehindi (xına ilə bədən səthinə naxış salma sənəti) naxışları təklif edir. Sessiya iclaslarında iştirak edən Çin təmsilçisi gənc bir xanımın həvəslə əlində xına ilə naxışlı döymə etdirməsi, nəbati naxışların əlinə çəkilməsi prosesini heyrət dolu sevinclə izləməsi də diqqətimizdən yayınmadı. Belə baxanda, Hindistan Çinlə qonşudur, amma mehindini Azərbaycan xanımları daha tez “qavrayıb”. Görünür, biz bəşəri gözəllik anlayışına və atributlarına daha yaxın və daha açığıq.
Festival-yarmarkanın ilkin seyri başa çatır. Açılış mərasiminin aparıcılarından öyrənirik ki, festival Mədəniyyət Nazirliyinin təşkilatçılığı, bir sıra dövlət orqanları, qeyri-hökumət təşkilatlarının iştirakı, sahibkarlarla əməkdaşlıq şəraitində həyata keçirilir. “İ love Baku” şəbəkəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sənaye Korporasiyası, “Azəriipək” MMC, Səbail Rayon İcra Hakimiyyəti, “ABAD”, Yasamal rayon Əlillər Təşkilatı, Bakı Milli Geyim Evi, “Türbət” Mədəniyyət Mərkəzi, “Libraff” mağazalar şəbəkəsi layihənin tərəfdaşlarıdır. Bakı, Sumqayıt və Abşerondan altmışa yaxın, digər bölgələrdən isə qırxadək sənətkar festival-yarmarkanın iştirakçısıdır. Həftə sonunadək hər gün səhər saat 9-dan axşam 9-dək davam edəcək festivalda arzu edənlər ustalardan onların yaradıcılıq sirlərini soruşa, ustad dərslərinə də qoşula bilərlər. Axşamlar isə burada Mədəniyyət Nazirliyinin tabeliyindəki təşkilatların, yaradıcı birliklərin iştirakı ilə konsertlər təşkil olunacaq.
Bu məlumatlar toplaşanlara çatdırıldıqdan sonra mədəniyyət naziri Əbülfəs Qarayevə söz verilir. Nazir çıxışına minnətdarlıq sözləri ilə başlayır:
- Mən bütün sənətkarlara təşəkkür edirəm ki, bu xalq sənətlərini yaşadırlar, yaradıcılıqlarını davam etdirirlər. Bütün təşkilatçılara da təşəkkür edirəm. Biz ilk sənətkarlıq festivalını məhz bu günlərə ona görə saldıq ki, hazırda Bakıda 150-dən çox ölkədən üç minədək qonağımız var. Onlar UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizdədirlər. İnanıram ki, bu festival xalq dekorativ-tətbiqi sənəti ilə məşğul olan sahibkarlar üçün mühüm tədbir, onların öz məhsullarını xarici bazara çıxarmaq üçün şansdır. Əminəm ki, belə silsilə tədbirlər Azərbaycanda mədəni turizmin inkişafını sürətləndirir. Ölkə Prezidenti cənab İlham Əliyevin siyasəti Azərbaycanı, Bakını dünyanın ən cəlbedici məkanlarından birinə çevirməkdir. Mən hesab edirəm ki, mədəni turizm marşrutu özlüyündə çox vacib amildir və bizim sənətkarlarımız bu marşrutun genişlənməsinə öz töhfələrini verəcəklər.
Çıxış bitincə festivalın ilk gününün birinci musiqi sovqatı “Dədə-baba” qrupundan gəldi.
Yeri gəlmişkən, bir daha xatırladaq ki, I Respublika Sənətkarlıq Festivalı iyulun 7-dək davam edəcək. Ünvanı da yazının əvvəlində qeyd etmişik. İnsanı kökünə qaytaran, “bəlkə mən də bacararam” kimi xeyirli şübhələrə salan festival-yarmarkaya baş çəkməyi unutmayın...
Gülcahan MİRMƏMMƏD