UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında bir çox ölkələrin yüksək səviyyəli rəsmiləri iştirak edir.

İyulun 4-də mədəniyyət naziri Əbülfəs Qarayev UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bolqarıstan Respublikasının Mədəniyyət naziri Boil Banov ilə görüşdü.

Əbülfəs Qarayev qonağa ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər və Azərbaycanın zəngin mədəni irsi haqqında geniş məlumat verdi. Bildirdi ki, ölkəmiz bu istiqamətdə həyata keçirilən layihələrə dəstək verir, mədəniyyət sahəsində beynəlxalq əlaqələrin daha da inkişafında maraqlıdır.

Nazir Azərbaycanla Bolqarıstan arasındakı münasibətlərə toxunaraq qeyd etdi ki, iki ölkə arasında bütün sahələrdə yaxşı əməkdaşlıq mühiti mövcuddur. Bu mühitin daha da inkişaf etdirilməsində Azərbaycan tərəfi əlindən gələni edəcək.

Bolqarıstanlı nazir ölkəmizdə ilk dəfə olduğunu bildirdi, Azərbaycanı zəngin mədəniyyətə malik bir ölkə kimi səciyyələndirdi: “Bunun əyani sübutu kimi Azərbaycanın Dünya İrs Komitəsinin 43-cü sessiyasına yüksək səviyyədə ev sahibliyi etməsi və göstərdiyi yüksək qonaqpərvərliyi qeyd edə bilərəm”.

İki ölkə arasındakı əlaqələrin inkişafından danışan qonaq mədəniyyət sahəsində daha sıx münasibətlərin qurulmasında, qarşılıqlı səfərlərin təşkil olunmasında maraqlı olduqlarını diqqətə çatdırdı.

Sonra iki ölkənin Mədəniyyət nazirlikləri arasında 2019-2023-cü illərdə əməkdaşlıq haqqında proqram sənədi imzalandı.