“Azərbaycan zəngin mədəni irsi ilə ən yüksək nominasiyalara layiqdir”

İyulun 4-də Dünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, mədəniyyət naziri Əbülfəs Qarayev ilə “Evropa Nostra” – Avropada Mədəni İrsin Qorunması üzrə Təşkilatın baş katibi Sneşka Kaedvlieq Mixayloviç arasında görüş keçirildi.

Əbülfəs Qarayev mötəbər tədbirdə iştirakına görə qonağa təşəkkürünü bildirdi, ölkəmizin mədəni zənginliklərindən söz açdı.

S.Mixayloviç səmimi qəbula görə təşəkkür edərək təşkilatın fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, 2002-ci ildə Avropa Birliyi tərəfindən yaradılan qurum mədəni irsin araşdırılması ilə məşğul olur. Hər il baş katibliyin mükafatlandırma mərasimi keçirilir. Bu il növbəti mükafatlandırma oktyabr ayında Parisdə təşkil olunacaq. Qonaq Azərbaycanı bu mərasimdə iştiraka dəvət etdi. Bildirdi ki, Azərbaycan öz zəngin mədəni irsi ilə bu sahədə ən yüksək nominasiyalara layiqdir.

Nazir qonağa təklifinə görə təşəkkür edərək diqqətə çatdırdı ki, Azərbaycanın mədəni irsi ilə bağlı nazirlik tərəfindən innovativ proqramlar həyata keçirilir. Əbülfəs Qarayev Avropa İttifaqı ilə birgə həyata keçirilmiş Tvinninq layihəsi ilə bağlı məlumat verdi. Mədəni irs sahəsində görülən işlər, gənclərin mədəni irsin qorunmasına cəlb olunması ilə bağlı layihələrin həyata keçirildiyi diqqətə çatdırıldı.

Daha sonra qonaq mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” ilə bağlı fikirlərini bölüşdü. Bu platformanın beynəlxalq miqyasda böyük rəğbət doğurduğunu vurğuladı.

Görüş zamanı təşkilatla əməkdaşlıq məsələləri müzakirə edildi. Mədəni irsin araşdırılması və Azərbaycanın bu sahədəki təcrübəsindən söz açıldı.

 

“Füzuli kimi dahi şair ortaq dəyərimizdir”

 

Mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 4-də İraq Respublikasının Mədəniyyət naziri Abdulameer Madhi ilə görüşdü.

Qonağı səmimi salamlayan Əbülfəs Qarayev İraq nümayəndə heyətinin sessiyada iştirakını yüksək dəyərləndirdi.

İraqlı nazir iki ölkə arasında münasibətlərin qədim kökləri olduğunu bildirdi. Qeyd etdi ki, tarix boyu Azərbaycan və İraq arasında siyasi və mədəni əlaqələr mövcud olub. İraqda yaşayan Azərbaycan türkləri keçmişdən bu günə öz mədəniyyətlərini təbliğ edirlər: “İki xalq arasında ortaq dəyərlər də mövcuddur ki, buna misal olaraq təkcə Füzuli kimi dahi şairimizi qeyd edə bilərik. Buna görə də  ölkələrimiz arasında həmişə bir doğmalıq olub. Bu gün də biz İraq dövləti olaraq tarixdən gələn münasibətləri inkişaf etdirmək arzusundayıq”.

Nazir Əbülfəs Qarayev qonağın fikirlərinə şərik olduğunu bildirdi. Əlavə etdi ki, İraqın beynəlxalq tədbirlərdə aktiv iştirakını görmək böyük məmnunluq yaradır: “Biz Azərbaycan dövləti olaraq İraq xalqının hər zaman sülh və əmin-amanlıq şəraitində yaşamağı arzulayırıq”.

Nazir iki ölkə arasında mədəniyyət sahəsində razılaşmanın yenilənməsi və daha da inkişafı ilə bağlı fikirlərini bölüşdü, İraq tərəfini bu ilin payızında Azərbaycanda təşkil olunacaq İslam ölkələrinin konfransında iştiraka dəvət etdi.

Görüşdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıldı. Azərbaycanın dünyada mədəni əlaqələrin inkişafı üçün həyata keçirdiyi tədbirlərin önəmi vurğulandı.

Qonaq Dünya İrs Komitəsinin sessiyasına yüksək səviyyədə ev sahibliyi etdiyinə görə Azərbaycana təşəkkürünü bildirdi.

FARİZ