Dünya İrs Komitəsinin 43-cü sessiyasında iyulun 3-də paralel iclasdan biri “Mədəni irsin təsirinin qiymətləndirilməsinə yenidən baxılması: İstanbul təcrübəsi” mövzusunda idi.
İclasda Türkiyədə turizm və infrastrukturun inkişafından söz açıldı. Yeni tikililərin, eləcə də urbanizasiya prosesinin ümumbəşəri dəyərlərə malik tarixi abidələrə mənfi təsiri barədə fikir mübadiləsi aparıldı. Dünya İrs Mərkəzinin direktoru Mextild Rossler sessiyada təşkil edilən paralel iclasların dünya irsinin qorunmasına töhfə verəcəyini vurğuladı.
Tədbirdə İCOMOS tərəfindən dünya mədəni irs abidələri ilə bağlı təqdimat diqqətə çatdırıldı. İclas iştirakçıları cari ilin aprelində Türkiyənin İstanbul şəhərində mədəni irs abidələrinin qiymətləndirilməsinə həsr olunan seminarda irəli sürülən təklifləri Bakı sessiyasında yenidən nəzərdən keçirdilər.
Türkiyənin UNESCO-dakı daimi nümayəndəliyinin rəhbəri Əhməd Altay Cengizer İstanbuldakı qədim tarixi abidələrlə bağlı məlumat verdi və ölkəsində tarixi mədəni irsin qorunması istiqamətində görülən işlərdən danışdı.