Dördüncü iş günündə müxtəlif ölkələrdə mədəni və təbii irs nümunələri ilə bağlı hesabatlar dinlənildi, müzakirələr aparıldı, qərarlar verildi

UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 4-də - dördüncü günündə Bakı Konqres Mərkəzində işini davam etdirdi.

Səhər iclasında Nepalın Katmandu vadisində yerləşən mədəni irs abidələrinin vəziyyəti haqqında hesabat dinlənildi. İclası sessiyanın sədri, Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev açdı.

Çin, İndoneziya, Tunis, Zimbabve, Küveyt və digər ölkələrin nümayəndələri çıxış edərək Katmandu vadisindəki abidələrin vəziyyəti barədə fikirlərini bildirdilər. Qeyd olundu ki, 2015-ci ildə Nepalda baş verən güclü zəlzələ zamanı ölkədə tarixi abidələrə xeyli ziyan dəyib və onlar dağılmaq təhlükəsi ilə üzləşib. Bəzi ölkələrin nümayəndələri Katmandu vadisini təhlükəli vəziyyətdə olan abidələrin siyahısına salınmasını təklif etdilər. Məlumat verildi ki, həmin ərazidə 40-a yaxın maddi irs abidəsi var.

Nepal nümayəndəsi vadidəki tarixi abidələrin vəziyyəti və burada görülən işlər barədə söz açdı. Nəzərə çatdırdı ki, üzv dövlət 2015-ci ildən Dünya İrs Komitəsinin tövsiyələrini yerinə yetirməyə çalışıb və onlarla abidənin reabilitasiyasına cəhd edib: “Nepal hökuməti vadinin təhlükəli vəziyyətdə olan abidələrin siyahısına düşməyindənsə, burada reabilitasiya işlərini davam etdirməyə cəhd edir. Biz düşünürük ki, Dünya İrs Komitəsinin dəstəyi ilə birlikdə biz Katmandu vadisində restavrasiya işlərini tamamlaya bilərik. Buna görə də bizə əlavə bir il vaxt verilməsini xahiş edirik. Bildiririk ki, restavrasiya işləri yeni konvensiyanın meyarları əsasında aparılacaq. Nepal hökuməti müvafiq dəstək almaq üçün artıq UNESCO-nun Dünya İrs Komitəsinə müraciət də edib”.

Sonra Katmandu vadisinin təhlükəli vəziyyətdə olan abidələrin siyahısına daxil edilməsi məsələsi təxirə salındı və Nepal hökumətinə qeyd olunan çatışmazlıqların aradan qaldırılması ilə bağlı əlavə bir il vaxt verildi.

***

İyulun 4-də günün birinci yarısında keçirilən iclasda bir sıra ölkələrlə bağlı müzakirələr aparıldı.

Vəziyyəti təhlil edilən növbəti irs nümunələri Pakistanın Lahor şəhərindəki tarixi abidələr, Fort və Şalamar bağları idi. Bildirildi ki, yerli hökumətin çəkmək istədiyi metro xətti Lahordakı tarixi abidələrə ciddi zərər vura bilər. Eyni zamanda Fort və Şalamar bağlarında yaşıllıqların məhvi fauna və floraya mənfi təsir göstərəcək. Vurğulandı ki, Pəncab əyalətinin paytaxtı sayılan Lahor şəhəri Ravi çayı sahilində, Hindistanla sərhəddə yerləşir. Bu qədim şəhərin mədəni irsinin qorunması olduqca vacibdir.

Pakistanın nümayəndəsi ölkəsinin mədəni irsin qorunmasına sadiq qaldığını bildirdi. Dedi ki, bu ilin aprelində beynəlxalq missiyanın iştirakı ilə əraziyə baxış keçirilib. Tövsiyə olunan məsələlərin bir hissəsi artıq öz həllini tapıb, bu istiqamətdə digər işlərin həyata keçirilməsi davam etdiriləcək. Pakistan yerli və beynəlxalq ekspertlərin iştirakı ilə Lahor şəhərindəki tarixi abidələrin, Fort və Şalamar bağlarında fauna və floranın qorunması, yaşıllıqların bərpası istiqamətində verilən tövsiyə və digər öhdəlikləri yerinə yetirməkdə maraqlıdır.

Bu kontekstdə Azərbaycanın Pakistanla bağlı hesabata etdiyi dəyişikliklər müsbət qarşılandı. Müzakirələrin nəticəsi olaraq Pakistan hökumətinə əlavə vaxt verildi.

İclasda Pakistanın Makli və Thatta şəhərlərində yerləşən tarixi məkanlar barədə də müzakirələr aparıldı. Bu şəhərlərdəki tarixi abidələrin real vəziyyəti və onların konservasiyası ilə bağlı görüləcək işlərdən danışıldı. Sonra sözügedən abidələrlə bağlı müvafiq qərar qəbul edildi.

***

Günün ikinci yarısında sessiyasının iclasında Özbəkistanın Səmərqənd şəhərinin qədim hissəsinin konservasiyası ilə bağlı müzakirələr davam etdirildi.

Şəhərin qədim hissəsində hotellərin tikintisinin dayandırılması və konservasiya işlərinin gücləndirilməsinə qərar verildi. Vurğulandı ki, bu işlərdə Dünya İrs Komitəsinin və Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şura – İCOMOS ekspertlərinin tövsiyələri nəzərə alınsın. Komitənin 44-cü sessiyasına qədər Özbəkistan tərəfinin hesabatı təqdim edilsin.

İclasda növbəti ciddi müzakirə Bolqarıstandakı qədim liman şəhəri Nesebırdakı vəziyyətlə bağlı oldu. Belə ki, üzv dövlətin məruzəsində qeyd edilən müsbət dəyişikliklər İCOMOS ekspertlərinin hesabatında öz əksini tapmamışdı. Buna görə də Bolqarıstandan üzv dövlət olaraq Nesebır şəhərinin vəziyyətini yaxşılaşdırmaq üçün konservasiya tədbirlərini gücləndirmək, tövsiyə edilən təklifləri yerinə yetirmək qəti şəkildə xahiş edildi. Bolqarıstan bununla əlaqədar 2021-ci ildə keçiriləcək 45-ci sessiyada hesabat verməlidir. Əgər müsbət dəyişiklik olmazsa, o zaman Nesebır təhlükə altında olan məkanlar siyahısına daxil ediləcək.

Sonra əvvəlcədən sessiya iştirakçılarına paylanılmış bir neçə sənəd – Orta Reyn, Monteneqro, Kiji (Rusiya), Diyarbəkir meşəsi (Türkiyə), Buda qəsri (Macarıstan) və digər məsələlərə dair qərar layihələri müzakirəsiz qəbul edildi.

Çilinin Valparaiso şəhəri üzrə hesabat dinlənildi. Sonra Karib dənizi və Latın Amerikası üzrə qısa hesabat təqdim edildi. Braziliyadakı kilsə, abidələr qrupu və s. nümunələrin konservasiyasına dair qərarlar qəbul olundu. Kolumbiyada Kartahena şəhər irsi ilə bağlı İCOMOS-un 2017-ci ildəki hesabatında göstərilən qüsurların aradan qaldırıldığı diqqətə çatdırıldı.

Daha sonra Burkina Faso nümayəndə heyəti Benindəki Amobey kral sarayının vəziyyətini gündəmə gətirdi. Benin nümayəndəsinin iştirakı ilə sözügedən saray kompleksində muzeyin yaradılması məsələsi müzakirə olundu və qərar qəbul edildi.

***

İyulun 4-də günün son iclaslarından biri “Qapaq Nan”: ən yaxşı təcrübələrin mübadiləsi” mövzusuna həsr olunmuşdu.

Qeyd olundu ki, UNESCO-nun Dünya irsi siyahısında yer alan qədim And sivilizasiyası dövrünə aid antik yol sistemi olan “Qapaq Nan” və ya başqa adla “Əsas And yolu” Argentina, Boliviya, Çili, Kolumbiya, Ekvador və Perunun ortaq tarixi mədəni irsi hesab edilir. Bu irs nümunəsinin qorunması və idarə olunması istiqamətində altı iştirakçı dövlət birgə ciddi iş aparır.

UNESCO baş direktorunun müavini Ernesto Ottone Ramirez 2014-cü ildə Dünya irsi siyahısına daxil edilən bu mədəni irs nümunəsi haqqında məlumat verdi. Bildirdi ki, Cənubi Amerika regionu boyunca uzanan bu yol bir vaxtlar nəqliyyat, ticarət və müdafiə xarakteri daşıyıb. Onun sözlərinə görə, bu layihə mədəni irs nümunələrinin mühafizəsi üçün beynəlxalq əməkdaşlığın aparılması baxımından ən yaxşı nümunədir.

***

Növbəti panel iclasında dünya əhəmiyyətli mədəni irs nümunələrinin regional dəyərləndirilməsi, təbii dünya irsi mülkiyyətlərinin ölkələrin beynəlxalq sərhədləri boyunca yerləşməsi ilə bağlı müzakirələr aparıldı. Məruzəçi Hindistan, Pakistan, Çin sərhədləri boyunca uzanan təbii irs mülkiyyətlərinin çoxunu milli parkların təşkil etdiyini bildirdi.

 “Dünya İrs Mərkəzi barədə məlumatın yayılması: informasiya və ziyarət yerləri” mövzusuna həsr olunan günün sonuncu panel iclasında tarixi və mədəni irs abidələrinə ziyarətçilərin daha çox cəlb olunmasına dair fikir mübadiləsi aparıldı.

Almaniyanın UNESCO üzrə Milli Komissiyasının təşkilatçılığı ilə keçirilən iclasda mədəni irs nümunələri barədə məlumatların yayılması ilə bağlı təcrübələrdən söz açıldı.

Dünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 5-də işini davam etdirəcək.

FARİZ
GÜLCAHAN
LALƏ