“İndi mənə aydın oldu ki, Qobustan niyə Dünya irsi siyahısına salınıb”
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası ölkəmizin ev sahibliyi etdiyi ən mötəbər beynəlxalq tədbirlərdən biri olmaqla bərabər, Azərbaycanın tarixinin, zəngin mədəniyyətinin, incəsənətinin dünyaya nümayişi üçün mühüm imkandır. Dünyanın 150-dən çox ölkəsindən çoxsaylı qonaqların rəy və təəssüratı da bunu deməyə əsas verir.
Sessiyada iştirak etmək üçün Bakıya gələn UNESCO-nun baş direktoru xanım Odre Azule iyunun 30-da Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edib. Dünya İrs Komitəsi 43-cü sessiyasının sədri, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev də qonaqla bərabər qoruğa səfər edib.
Baş direktor və onu müşayiət edən şəxslər qayaüstü rəsmlərə və qoruq ərazisində yaradılmış muzeydə nümayiş etdirilən eksponatlara baxıblar.
Məlumat verilib ki, Qobustan Milli Tarix-Bədii Qoruğu açıq səma altında qoruq-muzey kimi Daş dövründən Son Orta əsrlərə qədər həyat və məişəti əks etdirən maddi mədəniyyət nümunələrinin yer aldığı məkandır. Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələrdən ən zəngini hesab olunur. Ərazidə alimlər tərəfindən 6 mindən çox qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilib və öyrənilib. Qoruqda tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə də xüsusi önəm verilir. Qoruqdakı nadir qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alan dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə qoruq muzeyi üçün ən müasir texnoloji yeniliklərlə təchiz olunmuş bina tikilib.
Diqqətə çatdırılıb ki, dünya əhəmiyyətli tarixi abidə olan Qobustan qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irsi siyahısına daxil edilib.
Qədim insan məskəni ilə tanışlıqdan məmnun qalan qonaqlar ərazidə aparılmış tədqiqat işləri və tarixi eksponatlarla maraqlanıblar. Onlar həmçinin “Qavaldaş” II Respublika festival-müsabiqəsində çıxış edən uşaq və gənclərin ifalarını da maraqla izləyiblər.
Baş direktor Odre Azule mətbuata açıqlamasında Qobustanda gördüklərinin onda ölkəmizin mədəni irsi haqqında əyani təsəvvür yaratdığını vurğulayıb: “Qobustan çox maraqlı və böyük tarixi özündə birləşdirən məkandır. Burada gördüklərim məndə çox xoş təəssüratlar yaratdı. Muzeylə və ərazidəki qədim rəsmlərlə tanış olduqdan sonra mənə tam aydın oldu ki, Qobustan niyə UNESCO-nun Dünya irsi siyahısına salınıb”.