Beynəlxalq Mətbuat Mərkəzində tanınmış yazıçı-jurnalist Hidayət Elvüsalın 70 illik yubileyi qeyd olunub. Həmkarları, qələm dostları və iş yoldaşlarının iştirakı ilə keçirilən yubiley tədbirində ona Mətbuat Şurasının diplomu və Ahıl Jurnalistlər Birliyinin xatirə hədiyyəsi təqdim edilib.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib: “Ötən əsrin 90-ci illərində ən populyar qəzetlərdən olan “Səhər”in çox oxunmasının bir səbəbi oradakı operativ və dolğun informasiyalar idisə, digər bir səbəbi, demək olar ki, hər gün dərc olunan “Belə-belə işlər” rubrikası idi. Həmin rubrikanın müəllifi isə Hidayət Elvüsal idi”.
“Səhər”in redaktoru olmuş Əməkdar mədəniyyət işçisi Məzahir Süleymanzadə, tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Şakir Yaqubov, Əməkdar jurnalist, yazıçı Fazil Güney və digər çıxış edənlər Hidayət Elvüsalın yaradıcılıq məziyyətlərindən, publisist kimi üstün keyfiyyətlərindən söz açıblar, onun qələmindən çıxan müxtəlif janrlı yazıların gənc jurnalistlər üçün örnək olduğunu qeyd ediblər.
Yubilyar çıxış edərək ona göstərilən diqqətə görə həmkarlarına və mərasim iştirakçılarına minnətdarlığını bildirib. Son illər həm də bəstəkarlıq fəaliyyəti ilə məşğul olan Hidayət Elvüsalın “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindən buraxılan “Kəlbəcər” adlı mahnılar toplusu mərasim iştirakçılarına təqdim olunub.