2020-ci ildə Dünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikası sədrlik edəcək. Çox şadam ki, ölkəmiz Dünya İrs Komitəsinə sədrlik etməklə dünya xalqlarının mədəniyyət tarixində öz izini qoyacaq.
Bu sözləri Çin Xalq Respublikasının UNESCO üzrə Milli Komissiyasının rəhbəri Tian Xuejun iyulun 9-da jurnalistlərə müsahibəsində bildirdi.
Azərbaycanda keçirilən sessiyanı yüksək dəyərləndirən qonaq dedi: “Hamınız şahidsiniz ki, bu tədbir dünya xalqlarının kimliyini və tarixi yaddaşını ifadə edən maddi və təbii irsə, ən qədim abidələrə olan dəyəri özündə əks etdirir. Bu gün burada hamı məni təbrik edir, müsahibə alır və mən bütün bu təbriklərə cavab verərək həm də düşünürəm ki, gərək Bakıda bir neçə gün ərzində toplaşdığımız bu sessiyalardakı sevinci, auranı, yüksək təşkilatçılığı 44-cü sessiyada da reallaşdıra bilək. İnanıram ki, bizim dövlət bu tədbirə təqdirəlayiq ev sahibliyi edəcək”.
Tian Xuejun qeyd etdi ki, Azərbaycan bu cür beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi ilə bağlı böyük təcrübəyə malikdir: “Sessiya müddətində biz bunun bir daha şahidi olduq. Elə bu səbəbdən də Çində keçiriləcək 44-cü sessiyada ölkənizin bu təcrübəsindən yararlanmaq niyyətindəyik. Sessiyanın zəngin mədəni proqramı, sizin qonaqpərvərliyinizə görə bir daha bütün təşkilat komitəsinə minnətdarlığımı bildirirəm”.