İyulun 7-də Dünya İrs Komitəsinin 43-cü sessiyasında müzakirəyə çıxarılan növbəti nominasiya Azərbaycanın təqdimatı – Şəki Xan sarayının və şəhərin tarixi mərkəzinin Dünya irs siyahısına salınması ilə bağlı məsələ oldu.
Qeyd edək ki, 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən Dünya İrs Komitəsinin 41-ci sessiyasında bu nominasiya müzakirə olunmuş və Azərbaycan tərəfinə ərazinin konservasiya və qorunma mexanizmlərinin yaxşılaşdırılması, monitorinq sisteminin inkişaf etdirilməsi və digər məsələlərlə bağlı tövsiyələr verilmişdi.
Nominasiya ilə bağlı İCOMOS-un (Abidələr və Tarixi Yerlərin Mühafizəsi üzrə Beynəlxalq Şura) hesabatı dinlənildi. Şəkinin tarixi, Xan sarayında aparılmış son bərpa işləri barədə məlumat verildi. Şəhərin tarixinin iki min ilə yaxın olduğu, qədim məhəllələrin XVIII əsrin sonlarında salındığı qeyd edildi. Bununla belə İCOMOS tərəfindən müəyyən tövsiyələrin olduğu bildirildi.
Müzakirədə ilk çıxış edən Küveyt nümayəndə heyəti İCOMOS-un iki il əvvəl qəbul etdiyi qərara toxunaraq bildirdi ki, ötən müddətdə Azərbaycan Prezidentinin bununla bağlı sərəncamı olub, xeyli işlər görülüb. Bəhreyn Azərbaycanın mədəni irsinə bağlılığının nəzərə alınmasını qeyd etdi. Braziliya Şəkinin siyahıya salınması ilə əlaqədar detallar barədə üzv dövlətin çıxışını dinləməyi xahiş etdi.
İndoneziya, Tunis Şəki şəhərinin siyahıya daxil edilməsini təklif etdi. Bosniya, Uqanda, Anqola nümayəndələri də Şəki Xan sarayı və Şəki şəhərinin qədim hissəsinin siyahıya daxil edilməsini məqbul hesab etdi. Norveç Azərbaycanın mədəni irsə bağlılığını yüksək qiymətləndirdi. Zimbabve, Burkina Faso, İspaniya, Qvatemala, Avstraliya nominasiyanın müsbət həllini təklif etdi.
Üzv dövlətlərin dəstək çıxışlarından sonra Azərbaycan nümayəndə heyəti söz aldı. Bildirildi ki, Şəki ilə bağlı qovluq 6 ildir ki, tərtib edilib. 2016-cı ildə İCOMOS-a verilmiş sənədlə bağlı 2017-ci ildə müəyyən tövsiyələr olub. Biz sənəddəki elmi qiymətləndirmə ilə razıyıq, konservasiya, idarəçiliklə bağlı tövsiyələri də qəbul etmişik.
Müzakirə və çıxışların yekunu olaraq Şəki Xan sarayı ilə şəhərin tarixi mərkəzinin UNESCO-nun Dünya irs siyahısına salınması barədə qərar qəbul olundu.
Beləliklə, qədim Şəki İçərişəhər və Qobustandan sonra Azərbaycanın bu siyahıda yer alan üçüncü mədəni irs məkanı oldu.
Qeyd edək ki, nazir Əbülfəs Qarayev sessiyada qərar qəbul olunandan sonra çıxış edərək Azərbaycan hökuməti adından sessiya iştirakçılarına təşəkkürünü bildirdi. Nazir diqqətə çatdırdı ki, biz bu məsələ ilə bağlı edilən tövsiyələri və müvafiq öhdəlikləri yerinə yetirəcəyik: “Bu məsələdə dəstək göstərdiklərinə görə Dünya İrs Komitəsinə üzv dövlətlərə, İCOMOS-a təşəkkür edirəm”.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri, səfir Anar Kərimov Şəkinin Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olduğunu vurğulayaq bu qərarın əhəmiyyətini qeyd etdi.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov da müzakirə zamanı qeyd olunan bütün fikirlərin nəzərə alınacağını deyərək, sessiyaya minnətdarlığını bildirdi və hamını Şəkiyə dəvət etdi.