İyulun 9-da UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası plenar iclasda öz işini davam etdirdi.

Sessiyaya sədrlik edən Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev məlumat verdi ki, bugünkü iclas cari sessiyanın son işçi iclasıdır. Bu gün əsasən büdcə, inzibati, beynəlxalq yardım məsələləri müzakirə ediləcək.

Əvvəlcə Dünya irs siyahısındakı beynəlxalq maliyyə yardımına ehtiyacı olan bir sıra nominasiyaların dəstəklənməsi məsələsi üçün ayrılan vəsaitin necə bölüşdürülməsi barədə hesabat dinlənildi.

Ekvadorun Qalapaqos milli parkı, Qvatemalanın Antiqua xristian dini məbədi, Nigeriyanın Aqades tarixi mərkəzi, Seyşel Adalarında yerləşən Valle-de-Mo təbii qoruğunun bərpası və konservasiyası, idarə olunması ilə bağlı beynəlxalq yardımın artırılmasının vacibliyi vurğulandı.

Sonra mövcud əməliyyat qaydalarına əlavə edilən bəndlər müzakirə edildi.

Növbəti məsələ olaraq Dünya İrs Komitəsinin prosedur qaydalarına dəyişikliklər müzakirə edildi. Bu qərar da qəbul edildikdən sonra iclasın sədri 43-cü sessiyada mühüm qərarların qəbul edildiyini söylədi və bu qərarların həyata keçiriləcəyinə əmin olduğunu bildirdi.

İclasın sonunda 2020-ci ildə Dünya İrs Komitəsinin 44-cü sessiyasına Çin Xalq Respublikasının sədrlik edəcəyi və sessiyanın Fuçjou şəhərində keçiriləcəyi bildirildi.

Çin nümayəndə heyəti bu etimada görə minnətdarlığını bildirdi və Fuçjou şəhərinin tanışlıq videoçarxı nümayiş etdirildi. 44-cü sessiya iclaslarının sədri, sədr müavinləri və məruzəçilər, sessiyanın müvəqqəti gündəliyi təsdiq edildi. Bununla da UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası işçi iclaslarını başa çatdırdı.

İyulun 10-da bağlanış iclasında sessiyanın yekun sənədi qəbul ediləcək.

GÜLCAHAN